"Fransada AzTV-nin çəkiliş qrupuna hücumu pisləyirik" - Mətbuat Şurasının sədri
"Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücumu kəskin şəkildə pisləyir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Onun sözlərinə görə, jurnalistlərə qarşı təzyiq yolverilməzdir: "Biz baş verən hadisədən narahatıq. Mətbuat Şurası yaxın saatlarda bununla bağlı bəyanat yayacaq".
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.