Heydər Əliyev mümkün olmayanı gerçəkləşdirdi
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür. Ölkəmizin İctimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bir sıra əlamətdar günlər kimi 1 avqust tarixi də Heydər Əliyevin təşəbbüsü ilə və 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur.
1918-ci ildə yaradılmış ilk respublikamız bütün sahələrdə olduğu kimi ana dilimizin inkişaf etdirilməsi üçün də zəruri addımlar atdı. Lakin qısa müddətdən sonra müstəqilliyin itirilməsi yenidən ana dilimizin istifadəsinə məhdudiyyətlərin tətbiq olunması ilə nəticələndi. Ziyalılarımız bütün sovet dönəmində ana dilimizin unudulmaması, məhdud imkanlar daxilində olsa da onun daim inkişaf etdirilməsi üçün mübarizə apardılar. Bəzi hallarda bu onlara həyatları bahasına başa gəlirdi. Lakin dilimizin yaşamasının millətimizin var olmasının ilkin şərti olduğunu dərk edənlər bu mübarizədən çəkinmirdilər.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi bu mübarizənin daha səmərəli aparılması üçün yeni imkanlar yaratdı. Azərbaycan dilində məktəblərin sayının artırılması, ana dilimizdə ədəbi-bədii yaradıcılığın geniş vüsət alması, ziyalılarımıza qarşı “millətçilik” damğası ilə aparılan terror siyasətinə son qoyulması da məhz Heydər Əliyev erasının xalqımıza gətirdiyi ilk yeniliklər idi. Bütün bunlarla Heydər Əliyev daha sonrakı məqsədlərə nail olmaq üçün zəmin hazırlayırdı. Hakimiyyətdə olduğu ilk onillik ərzində Heydər Əliyev iqtisadi-sosial inkişaf baxımından 15 müttəfiq respublika arasında geridə qalan Azərbaycanın İttifaqın ən güclü sənaye ölkələrindən birinə çevrilməsini təmin etdi. Nəhayət, 1978-ci ildə o zamanlar üçün gerçəkləşməsi mümkün görünməyən bir təşəbbüslə çıxış edərək ölkəmizin yeni Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail oldu. O zamanlar Sovet İttifaqının bütün yazılmış və yazılmamış qanunlarına görə bu mümkün hesab olunmurdu. Heydər Əliyev mümkün olmayanı gerçəkləşdirdi. Sonralar bu tarixi hadisə ilə bağlı danışarkən Heydər Əliyev deyirdi: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə olan bir dildir.”
1991-ci ildə müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrdə Heydər Əliyevin yenidən hakimiyyətdə olduğu illərdə də onun ana dilimizə həssas münasibəti həmişə özünü göstərirdi. “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik” deyən Ulu Öndər dilimizin inkişaf etdirilməsi üçün çoxsaylı təşəbbüslər irəli sürdü və həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yenidən rəsmən təsbit edildi.
Heydər Əliyev 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi.
Ümummilli Liderin ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir. Bunu ölkə başçısının dilimizin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və imzaladığı sərəncamlar bir daha təsdiq edir.
12 yanvar 2004-cü ildə Latın qrafikasına keçidlə bağlı Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdı. Bu Sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı və dövlət tərəfindən icra edildi.
14 yanvar 2004-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 30 dekabr 2007-ci ildə isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzaladı və bu sərəncamların icrası ilə həyatımızın bütün sahələrində ana dilinin daha geniş tətbiqi gerçəkləşdirildi.
2013-cü il 9 aprel tarixli Sərəncamı ilə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Gündən günə sürətlənən qloballaşma şəraitində belə bir Dövlət Proqramının qəbul olunması və icrasını ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə hesab etmək olar.
Dil daim inkişafda olan mütəhərrik bir fenomendir. Daim dəyişməkdə olan zaman hər bir xalqın dilini də mütəmadi dəyişikliklərə məruz qoyur. İnnovativ texnologiyaların həyatımıza daxil olması bizim dilimizə də təsirsiz ötüşmür. Bunu nəzərə alan Prezident İlham Əliyev 17 iyul 2018-ci ildə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncamın icrası Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Beləliklə, ana dilimizlə bağlı dövlət səviyyəsində görülən tədbirlər və qəbul edilən qərarlar milli varlığımızın aynası olan dilimizin daim təkmilləşdirilməsini və qorunub saxlanmasını tam təmin edir.
Cavanşir Feyziyev
1 avqust 2023-cü il