\
24 Noyabr 2024 - Bazar günü

ADY rəsmisi: "Bu il dəmiryolunda oğurluq halları 2 dəfəyədək azalıb"

ADY rəsmisi: "Bu il dəmiryolunda oğurluq halları 2 dəfəyədək azalıb"
1531baxış

Ölkə üzrə sərnişindaşıma ilə məşğul olan qurumlar arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin xüsusi rolu var–gün ərzində dəmiryol nəqliyyatı ilə minlərlə insan mənzil başına çatır. Bununla əlaqədar təhlükəsizliyi təmin etmək üçün qurum tərəfindən bütün zəruri tədbirlər görülür. Lakin xoşagəlməz hadisələr də az deyil: elə son günlər dəmir yollarında qatarlarla nəqliyyat vasitələrinin toqquşması kimi.

Belə hadisələrin mətbuatda “Qatar maşını vurdu”, “Qatar piyadanı vurdu” başlıqlarla təqdim olunmasını düzgün hesab etməyən, “Azərbaycan Dəmir Yolları” QSC dəmiryol xidmətlərindən istifadə edən və dəmir yollarına yaxın ərazilərdə yaşayan sakinlər arasında təhlükəsizliklə bağlı maarifləndirici kampaniyalar həyata keçirir.

Cari ildə dəmir yollarında baş verən qəza, oğurluq və insan itkisi ilə nəticələnən hadisələri və onların qarşısının alınması üçün həyata keçirilən tədbirləri “Report”a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin Təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov şərh edib:

- Pənah müəllim, digər sərnişindaşıma növləri ilə müqayisədə dəmir yollarında təhlükəsizliyi təmin etmək nə qədər asan və ya çətindir?

- Təhlükəsizlik korporativ mədəniyyətimizin özəyini təşkil edir. Dəmir yolunda qatarların təhlükəsiz hərəkətinin, eləcə də əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud sistemin müasir tələblərə və standartlara uyğunlaşdırılmasını ən prioritet məsələlərdən hesab edirik. Bu sistemin təkmilləşdirilməsi ilə bağlı proseslərə artıq başlanılıb. Korporativ yanaşmamız təhlükəsizlik baxımından ADY-dən asılı olan məqamları diqqətdə saxlamağı və bununla bağlı vaxtaşırı proflaktik tədbirlər görməyi hər zaman ön planda tutur.

Qəzaların qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsizlik idarəetmə sistemini daim gücləndirmək üçün lazımi resursları cəlb edirik. Xəsarət və ölüm, əmlaka ziyan dəyə biləcək hallar, müştərilərimizə və ətraf mühitə mənfi təsir yarada biləcək təhlükələri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməkdəyik.

Eyni zamanda dəmir yolu keçidlərindən istifadə qaydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiririk, dəmir yolu xətlərinə yaxın orta məktəblərdə məlumat sessiyaları təşkil edirik.