Xaçmazda körpü dağılıb, Xudat və ətraf kəndlərlə əlaqə kəsilib, yaralananlar var
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
"Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər", - məlumatda vurğulanıb.
Qudyalçay çayının Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsü tamamilə dağılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, ilkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ" markalı minik avtomobili çaya düşüb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.
Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.