Astarada sel körpüləri dağıdıb, bir neçə kəndlə əlaqə kəsilib, Lənkəranda həyətləri su basıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Astara və Lənkəran rayonlarında sel hadisələri ilə bağlı məlumat yayıb.
FHN-dən "Report"a bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.
Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Astarada sel fəsadlar törədib.
“Report”un cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb.
Nəticədə Vaqo kəndində yerləşən körpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib.
Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.
İlkin məlumatlara görə, artıq bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Lənkəranda da Lənkəran çayının maksimum səviyyəyə qalxması müşahidə olunur. Artıq bir neçə istiqamətdə su məcrasından çıxaraq həyətlərə dolub.
Hazırda bölgədə intensiv yağış davam edir.