\
20 Sentyabr 2024 - Cümə

Gəncədə avtobus aşdı - 8 sərnişin xəsarət aldı

Gəncədə avtobus aşdı - 8 sərnişin xəsarət aldı
1385baxış

Gəncədə sərnişin daşıyan avtobus aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb.

Belə ki 1 nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. Qəza nəticəsində xəsarət alanlar var.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Qəzada xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

Hazırda araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.

***

TƏBİB hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar bu gün saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. Qəza nəticəsində xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Yunis Quliyev