\
24 Noyabr 2024 - Bazar günü

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olundu - Fotolar

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olundu - Fotolar
1309baxış

Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişaf tempini qoruyub saxlayır. 

Nazir bu il qeyd edilən kənd təsərrüfatı işçilərinin peşə bayramının üç əlamətdar tarixə təsadüf etdiyini vurğulayıb: “Bu il xalqımız müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu il Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlamasının 20 ili tamam olub. Eyni zamanda, biz müstəqillik tariximizdə ilk dəfə olaraq peşə bayramımızı suverenliyi bərqərar olmuş ölkənin vətəndaşları, fermerləri kimi qeyd edirik”.

Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov ölkədə aqrar məhsulların istehsalı və ixracının ildən-ilə artdığını, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında aparıcı sahəyə çevrildiyini qeyd edib. Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev vurğulayıb ki, Kənd təsərrüfatının intensiv inkişafı müasir texnologiyaların tətbiqindən birbaşa asılıdır və dövlət tərəfindən bu istiqamətdə hərtərəfli dəstək tədbirləri ilə aqrar sahənin inkişafında yeni dönüş mərhələsi başlayıb. 

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı xidmətdə fərqləndiyinə görə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla təltif olunublar.