\
24 Noyabr 2024 - Bazar günü

Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb

Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb
1401baxış

26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üçgünlük səfəri başa çatıb.

"Report" xəbər verir ki, səfər zamanı qonaqlar ermənilərin Füzuli, Ağdam, Şuşa, Cəbrayıl, Laçın, Kəlbəcər və işğaldan azad edilmiş digər ərazilərdə törətdiyi vandalizmin bütün sübutlarını öz gözləri ilə görüblər.

Səfərin ilk günü qonaqlar Füzuliyə, daha sonra Şuşa şəhərində olublar. Burada səyyahlar şəhər qalasına, eləcə də şəhər işğaldan azad edildikdən sonra tikilmiş icra hakimiyyətinin binasına baş çəkib, Cıdır düzü boyunca gəzintiyə çıxıblar.

Üçüncü səfər istiqaməti “Qafqazın Hirosiması” kimi tanınan Ağdam şəhəri olub. Ağdamda turistlər işğal illərində Ermənistanın törətdiyi dağıntılarla tanış olub, Şəhidlər xiyabanını ziyarət ediblər. Bundan başqa, Ağdam Dövlət Dram Teatrında olublar. Onlara Ermənistanın işğalından əvvəlki dövrdə çəkilmiş kadrlar nümayiş etdirilib.

Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Xatırladaq ki, noyabrın 4-6-da beynəlxalq nümayəndə heyəti Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində olublar.

Səfərin sonuncu günü səyyahlar Cəbrayılda Azərbaycanın qədim memarlıq abidəsi - Xudafərin körpüsü ilə tanış olub, həmçinin Ermənistanın işğalı dövründə Füzulidə yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.