\
3 Mart 2024 - Bazar günü

İlham Əliyev həmkarlarını təbrik etdi

İlham Əliyev həmkarlarını təbrik etdi
1376baxış

Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbrikin mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Albaniya dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf etmişdir.

Keçən il Azərbaycanın Albaniyada Səfirliyinin təsis edilməsi, habelə həyata keçirdiyimiz qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığımızın genişlənməsinə təkan vermişdir.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam edirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

***

Prezident İlham Əliyev, həmçinin Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.