Şagirdi döydüyü deyilən müdir istefa verdi
Xaçmaz rayonunda şagirdi döydüyü iddia edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.
R.Hacıyev bu gün vəzifəsindən istefa verməsi barədə özü paylaşım edib. O, bunu çox yorulması və estafeti digərlərinə ötürmək istəyi ilə əlaqələndirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyindən isə məsələnin araşdırıldığı bildirilib.
Qeyd edək ki, bir neçə ay əvvəl R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.