\
12 Dekabr 2024 - Cümə axşamı

Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur - XƏBƏRDARLIQ

Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur - XƏBƏRDARLIQ
1546baxış

Qızılca xəstəliyi sadəcə səpkidən ibarət bəsit bir infeksion xəstəlik deyil. Xəstəliyin profilaktikasında peyvəndlənmənin əhəmiyyəti vacibdir.

Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

Belə ki, milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunan qızılca, parotit, məxmərək (QPM) peyvəndi ilə aparılır.

Həkimlər vurğulayırlar ki, qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.

Peyvəndlər və autizm arasında heç bir əlaqə yoxdur. Hətta dünya ölkələrində aparılan araşdırmalar autizm və QPM peyvəndi arasında heç bir əlaqənin olmadığını təsdiqləyib.

Bildirilib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvənlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir, hətta bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür.

Qızılca peyvəndi olmayan hamilə qadınların vaxtından əvvəl doğuşuna və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər. Hamiləlik planlaşdıran və qızılcaya qarşı immuniteti olmayan qadınlar hamiləlikdən ən azı 4 həftə əvvəl 1 doza QPM peyvəndi almalıdırlar.

Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tövsiyələrinə əsasən 1 yaşdan yuxarı peyvənd olunmayan uşaqlar aşkar olunduqda 4 həftə intervalla 2 doza QPM peyvəndi vurulmalıdır. Əgər uşaq daha öncə QPM peyvəndinin 1-ci dozasını almışsa lakin 6 yaşında 2-ci doza vurulmamışdırsa 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir. Bu xəstələrdə 2-ci dozanın tamamlanması yetərlidir.

Bir sözlə, qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır. Qızılca sadəcə səpkidən ibarət bəsit bir infeksion xəstəlik deyil.

Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin olunmalıdır.

Odur ki, epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu və Vitamin A təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir.