Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, hazırlıqlı gənc hüquqşünasların qulluğa qəbulu məqsədilə aşkarlıq şəraitində şəffaflıq təmin olunmaqla davamlı müsabiqələr keçirilir.
Mediapress.az-ın məlumatına görə ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, bu tədbirlər çərçivəsində nazirliyin yerli icra, probasiya və qeydiyyat qurumlarında, habelə regional ədliyyə idarələrində vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə dekabr ayının 20-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə növbəti test imtahanı keçiriləcəkdir.
Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.
Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az), yerlərdə ədliyyə qurumlarına müraciət etməklə, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.