Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı başa çatıb.
"Report" xəbər verir ki, qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI qurultayı başlayıb.
AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.
Qurultayın gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib. Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəliyə salınan birinci məsələ - “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi” ilə bağlı AHİK sədri Səttar Möhbalıyev çıxış edib.
O, həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib: “Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi deməkdir. Bütün bu xidmətlərə görə, Prezident İlham Əliyev hər bir ittifaq üzvünün dərin hörmətini və sevgisini qazanıb. Odur ki, Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını İlham Əliyev cənablarının ölkəmizə rəhbərliyində görürük”.
AHİK-ə üzv təşkilatların sədrləri də çıxışlarında İlham Əliyevin ölkəyə müdrik rəhbərliyini qeyd edib və namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.
Daha sonra İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub.
Eyni zamanda Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçilib.