Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır
Yanğına görə Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
"Report" xəbər verir ki, bunu KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şöbəyə 15 körpə gətirilib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır: "Bu körpələrin vaxtından əvvəl doğulması ilə əlaqədardır. Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Reanimasiyadan olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur".
A.Qədimova bildirib ki, KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb: "15 körpədən 6-sı qız, 9-u isə oğlandır".
Yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə, 11-i isə KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Bunu “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim nəzarətindədir. Digər 7 körpənin vəziyyəti stabildir, müalicələri davam edir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.