\
23 Noyabr 2024 - Şənbə

DSX “Qisas əməliyyatı” keçirib, ermənilərin döyüş postu darmadağın edilib, ciddi itkiləri var

DSX “Qisas əməliyyatı” keçirib, ermənilərin döyüş postu darmadağın edilib, ciddi itkiləri var
1483baxış

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.

Bu barədə Mediapress.az-a DSX-dən bildirilib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

"Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - DSX-dən qeyd edilib.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.