Əli Əsədov hökumətin prioritetlərini açıqlayıb
Azərbaycanın Baş naziri vəzifəsinə namizəd Əli Əsədov növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi və sərhədlərin toxunulmazlığının təmininin prioritet məsələ olacağını bildirib.
O, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Ə.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqları azad etməsi ilə ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tarixinin ən şanlı səhifəsidir.
"Növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmini əsas prioritet məsələ olacaq. Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Əhalinin rifahının yaxşılaşdırılması, eləcə də şəhid ailələri və müharibə əlillərinin sosial rifahı önəmli vəzifə kimi yenə də hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə, azərbaycançılıq prinsipinə əsaslanaraq formalaşması, müasir çağırışlara yiyələnməsi gələcək inkişafın təminatçısı olacaq", - əlavə edib.