Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhidlə Sumqayıtda vida mərasimi keçirilir
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilir.
Mərasim Sumqayıt şəhərinin Ceyranbatan bağları adlanan ərazisində - mərhumun ailəsinin yaşadığı evdə təşkil olunub.
Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasim başa çatandan sonra mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, A.Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il fevralın 26-da itkin düşüb. Ailəli idi. 2 övladı yadigar qalıb.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb.
Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə həyata keçirdiyi baxış-istintaq hərəkəti və aparılan müayinə nəticəsində aşkarlanan insan qalıqlarının ən azı 18 nəfərə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Ekspertiza zamanı kütləvi məzarlıqda basdırılanlardan birinin Mahmudov Akif Seydulla oğlu təsdiqlənib.