\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb
1393baxış

“Oğlum Elnur Babayevin meyiti iyunun 18-i yerli vaxtla axşam saat 18:00 radələrində tapılıb”.

Bu sözləri apa-ya açıqlamasında iyunun 2-də Roma yaxınlığında Albano gölündə batmış azərbaycanlı tələbənin atası Rafiq Babayev deyib.

Hazırda İtaliyada olan R. Babayev bildirib ki, axtarış işləri son 3 gündə gücləndirilmiş rejimdə aparılıb: “Gölə xüsusi gəmi cəlb etdilər. Daha sonra meyitin 80-90 metr dərinlikdə təxmini yerini müəyyənləşdirdilər. Meyit xüsusi robot qurğusu ilə sudan çıxarıldı. Tanınma həyata keçirildi, meyit ekspertiza üçün xəstəxananın "morq"una göndərildi. Bu gün yerli vaxtla saat 12:00-də ekspertizanın rəyi açıqlanacaq. Sonra səfirliyin köməkliyi ilə meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə proseduru həyata keçiriləcək. Meyitin Azərbaycana göndərilməsi iyunun 22-23-nə nəzərdə tutulub”.