“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur
“Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Şirvan elektrik şəbəkəsində yenidənqurma və əsaslı təmir işləri görür.
Mediapress.az-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi məlumata görə, Şirvan şəhərində 35 kV-luq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaqlar basdırılıb və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib.
Şəhərdə 35 kV-luq 754.1, 754.2 və 756 saylı hava xətlərinin keçdiyi ərazidə Tədbirlər Planına uyğun olaraq əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazidə həmçinin, 35 kV-luq müasir tipli yeni dayaqlar basdırılır. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlər görülərkən xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilərdən çıxarılaraq daha əlverişli ərazilərdən çəkilir.
Xatırladaq ki, Şirvan şəhərinin və Hacıqabul rayonunun əksər hissələrindən keçən elektrik xətləri ötən əsrin ortalarında çəkilib. 60-70 il istismar edildiyi üçün bu xətlərin əsaslı yenidənqurmaya ehtiyacı var idi. Müasir elektrik şəbəkəsinin qurulduğu ərazilərdə sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar.
Şirvan regional enerji təchizatı və satış idarəsinin (RETSİ) əhatə etdiyi şəhər və rayonlarda yenidənqurma işləri bu gün də davam etdirilir. Həmçinin, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərini minimuma endirməkdir.