“Uşaq qızılca olduğu üçün gedə bilmədik, amma pulu qaytarmırlar - Foto
Bakıda vətəndaş övladı ilə bağlı müraciət etdiyi reabilitasiya mərkəzindən şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən Hövsan sakini Ülviyyə Yusifovanın sözlərinə görə, anadangəlmə bud-çanaq oynağının hər ikitərəfli çıxığı xəstəliyindən əziyyət çəkən 8 yaşlı qızı Aytən Qurbanova buna görə 3 dəfə əməliyyat keçirib.
Bundan sonra valideynləri həkimin məsləhəti ilə azyaşlını müalicə üçün ARS reabilitasiya mərkəzinə aparmağa başlayıblar: “Ötən ilin sentyabr ayında qızım orada çalışan Rəşid Muradov tərəfindən müayinə olundu və reabilitasiyasına başladıq. 1 günlük seansı 30 manat idi, 1 ay apardıq. 2-ci ayın ödənişini isə 1 günlük seansı 30 manatdan olmaqla 900 manat birdəfəlik ödəniş etdik. Oktyabr ayında qızımı ora cəmi 14 gün apardıq. Sonra uşaqlar qızılca olduğu üçün davam edə bilmədik. Yanvar ayından biz yenidən davam etmək istədikdə ARS reabilitasiya mərkəzindən qiymətlərin qalxdığı,1 günlük seansın artıq 45 manat olduğu bildirildi. Bu məbləğin bizim üçün çox baha olduğunu bildirib endirim etmələrini istədik. Lakin razılaşmadılar. Orada qalan 480 manat məbləğində vəsaiti geri tələb etdiyimizdə isə mərkəzdən deyildi ki, heç bir məbləğ qaytarılmayacaq”.
Hər iki övladının səhhətində problem olduğunu deyən ana bildirir ki, reabilitasiya mərkəzinə ödəniş etdiyi həmin pulu sosial şəbəkələrdə paylaşım edərək toplayıb: “Qızımla yanaşı 11 yaşlı oğlum da xəstədir. Oğlumun gözlərində çəplik və zəif görmə problemi var. Kriptorxizm xəstəsidir. Özüm də ağır panik atak xəstəsiyəm. Şadlıq saraylarında toy olanda 15 manata qabyuyan işləyirəm, yoldaşım fəhlə kimi çalışır. Zülmlə qazandığımız pulu övladlarımızın müalicəsi üçün toplayırıq. Amma onu da etdirə bilmirik. Pulumuzu geri qaytarsalar, qızımı daha münasib reabiltasiya mərkəzinə apara bilərik”.
Məsələ ilə bağlı ARS reabilitasiya mərkəzinə sorğu ünvanladıq. Mərkəzin rəhbəri Sevda Xanməmmədova saytımıza açıqlamasında məlumatın doğru olmadığını bildirdi: “Cəmi 37 gün ərzində biz onun övladının yeriməsinə səbəb olmuşuq. Başqa reablitasiya mərkəzlərində də olub və qat-qat baha qiymətə müalicələr alıblar. Lakin heç bir nəticə əldə etməyiblər.
Sentyabr ayında günü 30 manata 2 saat məşğul olmuşuq. Heç bir yerdə belə şey yoxdur. Bu qiymətə sadəcə 47 dəqiqə məşğul olurlar. Oktyabrda isə paket şəklində aldılar. 2000 manatlıq paketi biz bu ailəyə endirimlə 900 manata verdik. Bir neçə gün gəldikdən sonra müalicəni saxladı. Çünki artıq övladı yeriyirdi. Üstündən aylar keçdikdən sonra - martda gəldi ki, ödənişi geri qaytarın, mənim başqa problemlərim var, onları həll edim. Bu, ağlasığan bir şey deyil. Elə bir hal mümkün deyil. Xanıma da bildirdik ki, biz onsuz da müalicəni yardım olaraq 70 faiz endirimlə etmişdik. Dünyanın heç bir yerində də belə bir şey mümkün deyil”.
Lamiyə Məmmədova