\
23 Noyabr 2024 - Şənbə

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29-a hazırlıq müzakirə edilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29-a hazırlıq müzakirə edilib
1168baxış

Bu gün Bakıda öz işinə başlayan VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda iclas keçirilib.

İclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Azərbaycanın “yaşıl iqtisadiyyat”a tam keçidə sadiqliyini vurğulayıb.

BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos da öz növbəsində Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbrik edib və təşkilatçılara uğurlar arzulayıb.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki bildirib ki, Azərbaycanda keçiriləcək konfransda iştirak etməyə hazırlaşırlar: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyevdən dəvət aldıq. Biz ICESCO-da geniş şəbəkəmiz və tərəfdaşlığımızdan istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsini təşviq etməyi planlaşdırırıq. Təşəbbüslər çərçivəsində COP29-da iştirakımıza fəal hazırlaşırıq”.

BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Urosevic dinamik, dayanıqlı və insanı diqqət mərkəzində saxlayacaq turizm sektorunun yaradılması üçün kollektiv səylərə qoşulmağı təklif edib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev bildirib ki, TÜRKSOY mədəni mübadilə proqramları vasitəsilə ekoloji maarifləndirmə və fəaliyyət üçün katalizator kimi mədəniyyətin gücündən istifadə etməyə çalışır.