Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
1150
Dövlət Məşğulluq Agentliyi (DMA) Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Müsahibə texnikaları” mövzusunda seminar keçirib.
Mediapress.az xəbər verir ki, Karyera Festivalı çərçivəsində təşkil olunan seminarda DMA-nın əməkdaşı Jalə Bənnayeva işədüzəlmə ərəfəsində işaxtaranların müsahibə texnikalarına yiyələnməsinin vacib məqam olduğunu qeyd edib.
İş müsahibəsinin növləri barədə məlumat verən DMA əməkdaşı özgüvənin, bədən dilinin, səmimiyyətin, şirkət və vəzifə barədə araşdırmanın, öncədən məşqetmənin də bu prosesdə rolunu izah edib. O bildirib ki, araşdırmalara əsasən, ünsiyyətin 7%-ni sözlər, 38%-ni intonasiya, 55%-ni isə bədən dili təşkil edir. Bu baxımdan müsahibə mərhələsində bədən dilindən doğru istifadə işaxtaran şəxsi digər namizədlərdən fərqləndirən amilə çevrilə bilər.
Tədbir interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.