Laçının dağlara səs salan TOYU - REPORTAJ + FOTO/VİDEO
Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci ildə işğal olunan Laçın 44 günlük Vətən müharibəsindən sonra azadlığa qovuşub. Bununla da 28 illik əsarətə son qoyulub. 2020-ci ildən başlayaraq işğaldan azad olunan bütün ərazilərimizdə, o cümlədən Laçında da geniş abadlıq-quruculuq tədbirlərinə start verilib, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması üçün ən müxtəlif layihələr icra olunub.
Bu çərçivədə Laçının Zabux kəndi də tamamilə yenidən qurulub. 2023-cü ilin avqust ayında zabuxlular kəndlərinə qayıdıb, öz evlərində, yurdlarında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı qarsalayıblar. Həmin vaxt Zabux sakinlərinin sevinc sədaları, alqışı, duası bütün ətrafa yayılıb.
32 ildən sonra Zabux və zabuxlular daha bir xoşbəxt günə şahidlik ediblər. Laçında növbəti toy dünən Zabux kəndində gerçəkləşdi. Biz də onların bu sevincini bölüşdük. Zabuxlular əvvəlki illərdə olduğu kimi bir-bir, ikibir mağara toplaşdılar. Bərli-bəzəkli qız-gəlinlər adəti üzrə ev sahiblərinə gözaydınlığı verib, yerlərində əyləşdilər. Çox keçmədi ki, bəy tərəfi gül dəstələri ilə bəzənmiş avtomobildə gəlini mənzilindən götürüb, “Vağzalı” sədaları altında mağara gətirdi.
Laçın Cəlil oğlu Vəliyev və Nuray Namiq qızı Abbasovanın şad günündə ailə üzvləri ilə bərabər, kənd sakinləri, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları və digər şəxslər də iştirak edirdilər. Gəlinlə bəy toy mağarına daxil olduqdan sonra Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi sükutla anıldı. Sonra kənd ağsaqqalları hər iki gəncə xeyr-dua verdilər. Qız toyu olduğu üçün qız evinin qonaqları daha aktiv idilər. Demək olar ki, meydanı ələ aldılar.
Gənclərin xoşbəxt günündə fürsət tapıb onların fikirlərini öyrəndik. 21 yaşlı Nuray gələcək ömür-gün yoldaşı ilə bir-birilərini görən kimi qarşılıqlı aşiq olduqlarını bildirdi: “Laçınla bir-birimizi görən kimi sevdik. Xoşbəxt cütlüyük ki, 32 illik fasilədən sonra kəndimizdə ilk toy mərasimi məhz bizim toyumuzdur. İşğaldan azad olunan rayonun, kəndin sakini, keçmiş məcburi köçkün kimi bu, bizim üçün əlamətdar hadisədir. Ömür boyu yadımızda qalacaq, xatırlanacaq”.
25 yaşlı bəyimiz Laçın da sevib-seçdiyi qıza ilk baxışda açiq olduğunu dilə gətirdi: “İlk dəfə gördüm və vuruldum. Nurayı çox sevirəm. Əl-ələ verib yurdumuzu daha da abadlaşdıracağıq”.
Bəy atası Cəlil Vəliyev həm sevincli idi, həm də kədərli. Sevinclidir ona görə ki, doğma Zabuxda övladının toyunu edir. Kədərlidir ona görə ki, Birinci Qarabağ müharibəsində şəhid olan doğma qardaşına bu sevincli günləri görmək qismət olmayıb. O, hislərini bir az da kövrələrək ifadə etdi: “Qardaşım Birinci Qarabağ müharibəsində şəhid olub (kövrəlir). Heyif o bu günlərimizi görmədi. Onun ruhuna and içmişdik ki, yenidən torpaqlarımıza qayıdacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ali Baş komandanımız var olsun! Bu torpaqları bizə qaytaran onlardır. Məcburi köçkün həyatı yaşayıb Laçın həsrəti, doğma el-oba nisgili çəkdiyim üçün oğlumun adını Laçın qoydum, onun adı ilə təskinlik tapdım. Oğlumun toyunun tarixini də məhz 18 Maya – Laçının 1993-cü ildə işğal gününə saldıq ki, o qanlı-qadalı günləri birdəfəlik unudaq. Bu tarix yaddaşımızdan silinsin, əvəzində xoş günlər qalsın. İndi arzularımız həyata keçir, xoşbəxtəm, bəxtəvərəm, öz kəndimdə, elimdə-obamdayam”.
Vaxtilə Zabuxdan qovulan, torpağı işğal olunan, gözü yaşla dolan zabuxluların indi üzlərində təbəssüm, gözlərində sevinc yaşı görünür. 30 ilə yaxın Laçından uzaq düşən sakinlər indi toy-büsat mağarı qururlar. Muğamat səsi dağlara yayılır. Gül-çiçəkli düzənliklərdə, sıx meşələrdə cingildəyib düşmən bağrı yarır. Bax beləcə, Laçın azad hava ilə nəfəs alır! Toyunuz mübarək olsun gənclər! Gözünüz aydın olsun analar, atalar! Bəxtəvərliyin daim-qədim olsun Vətənim!
Hazırladı: Könül Aypara