\
23 Iyun 2024 - Bazar günü

Şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib

Şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib
1170baxış

Mina terrorunun qurbanı olan şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib.

Mediapress.az Report.az-a istinadən anım tədbirində şəhidin doğmaları ilə yanaşı Qubadlı rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Şəhidin ruhuna dualar oxunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib

Qeyd olunub ki, Sirac Abış oğlu Abışov 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 2007-ci ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olub, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirib.

2010-cu ildən etibarən, Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində işə başlayır. Bir müddət “Yurd TV”də, 2020-ci ilin noyabr ayından isə işğaldan azad olunmuş rayonlarda yaradılan Xüsusi Çəkiliş Qrupunun tərkibində yer alıb, ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarında dövlət əhəmiyyətli çəkilişlər edib.

Onun növbəti çəkilişi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan “Kamaz” markalı nəqliyyat vasitəsi ermənilərin basdırdığı tank əleyhinə minaya düşür. Hadisə nəticəsində Sirac Abışov, AZƏRTAC-ın Məhərrəm İbrahimov və Kəlbəcər rayon icra hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub. Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

O, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə “3-cü dərəcəli Vətənə Xidmətə Görə” Ordeni ilə təltif edilib.

Ailəli idi, Özgür adında bir övladı var.