Yeni doğulan uşağın ölümündə təqsirləndirilən həkimin məhkəməsi başlayır
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş uşağının ölməsi ilə bağlı təqsirli bilinən Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət iş üzrə toplanmış materiallar baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. İş hakim Füzuli Pənahovun icraatına verilib.
Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkimneonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyəti düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.