\
12 Dekabr 2024 - Cümə axşamı

Türkiyənin Fransadakı səfiri: "Fr2" telekanalında Azərbaycana qarşı təxribat ədalətsiz siyasətlə əlaqədardır

Türkiyənin Fransadakı səfiri: "Fr2" telekanalında Azərbaycana qarşı təxribat ədalətsiz siyasətlə əlaqədardır
1988baxış

Fransanın "Fr2" telekanalının aparıcısının Azərbaycana qarşı təxribat xarakterli kəlmələr işlətməsi mənfi niyyət daşıyır və ədalətsiz siyasətlə əlaqədardır.

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri Yunus Demirer Olimpiya Oyunlarının açılış mərasimini yayımlayan Fransanın "Fr2" telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı aparıcı tərəfindən təxribatçı ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa Azərbaycana münasibətlərində ədalətsiz mövqedən çıxış edir.

"Bundan öncə iki ölkə arasındakı münasibətlər yüksək səviyyədə olub. Bu gün bu münasibətlərdəki problem Fransanın Ermənistanı ədalətsiz şəkildə dəstəkləməsindən irəli gəlir. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan torpaqlarını təkbaşına işğaldan azad etdi. Fransa ədalətli mövqe tutmağı bacarsa, iki ölkə arasındakı münasibətlər yoluna düşəcək", - səfir qeyd edib.

O, Fransanın "Fr2" telekanalının efirində Azərbaycanın əleyhinə səslənən təxribat xarakterli kəlmələri Azərbaycana qarşı olan bu ədalətsiz siyasətlə əlaqələndirib:

"Olimpiya Oyunlarının açılışı zamanı eşitdiyimiz təxribatçı ifadələr təsadüf deyil. Olimpiya Oyunları ölkələr arasında səmimiyyət, gözəl münasibətlər, dostluq və qardaşlığa töhfə verən bir hadisədir. Açılış mərasimində məhz azərbaycanlı və erməni idmançıların keçidi zamanı aparıcının təxribat xarakterli kəlmələr işlətməsi mənfi niyyət daşıyır və ədalətsiz siyasətlə əlaqədardır".