Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib
Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam edir.
“Report” xəbər verir ki, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsində olublar.
Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən görüşünün keçiriləcəyi barədə xəbər yayılmışdı.