Ankarada Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin detalları açıqlanıb
Avqustun 1-də Ankarada Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin detalları açıqlanıb.
Bu barədə “Hürriyet” yazıb.
Qeyd olunub ki, proses əvvəldən axıra qədər Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) nəzarəti altında olub.
Bildirilib ki, Rusiya və Qərb rəsmiləri iyul ayında Türkiyədə görüşüb və müzakirələr aparıblar. Nəticədə məhbus mübadiləsi barədə razılıq əldə olunub.
Prosesin bütün təhlükəsizlik və logistik məsələləri MİT-in öhdəliyində olub. Həmçinin qarşılıqlı koordinasiyanı da Türkiyə kəşfiyyatı təmin edib.
Bundan sonra məhbusların öz ölkələrinə təhlükəsiz qayıdışına da MİT nəzarət edib.
Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi idi.
Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb, ona təşəkkür edib.