Mahaçqalada 9 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü - Anbaan görüntülər
Dağıstanın paytaxtı Mahaçqalada Azərbaycan vətəndaşları qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib. Bildirilib ki, hadisə avqustun 17-si saat 15:30 radələrində Mahaçqala şəhəri, Akuşinski prospektində baş verib. 29 yaşlı yerli sakinin idarə etdiyi “BMW X5M” markalı avtomobil 43 yaşlı qadının idarə etdiyi “Volkswagen Golf” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Volkswagen”in sərnişini, 9 yaşlı qız ağır vəziyyətdə tibb müəssisəsinə aparılıb, 10 saat sonra orada ölüb.
Lent.az-ın məlumatına görə, qəzada ölən 9 yaşlı Məşəd Qocayeva Zaqatalanın Aşağı Çardaxlar kəndinin sakinidir. Hadisə vaxı avtomobildə olan 2 qadın da xəsarət alıb.
Qeyd edək ki, hadisənin görüntüləri də yayılıb. Görüntülərdə “BMW X5M” markalı avtomobilin avtoxuliqanlıq hərəkəti etdiyi və təhlükəli manevrdən sonra qəza törətdiyi məlum olur.