Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum olub
Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində ("Araz", "Xanlar Yurdu", "Ağ Ayı") baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
"Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - deyə qurumdan verilən məlumatda bildirilib.