\
5 Dekabr 2024 - Cümə axşamı

Prezident xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun iştirakçılarına müraciət ünvanlayıb
4200baxış

Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb.

"Report"un xəbərinə görə, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ölkəmizin paytaxtında öz işinə başlaması münasibətilə sizi səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı və uğurlar arzulayıram. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulamaq istəyirəm.

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür.

Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.

İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir".

11:52

Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciət mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.