\
12 Oktyabr 2024 - Şənbə

2 yaşlı uşaq masaj edilərkən niyə ölüb? - Həkim

2 yaşlı uşaq masaj edilərkən niyə ölüb? - Həkim
1369baxış

Sentyabrın 7-də Biləsuvar rayonunda 2022-ci il təvəllüdlü uşaq masajçı (sınıqçı) Nərgiz İmanova tərəfindən masaj edilərkən ölüb. Rentgen müayinəsindən sonra heç bir problemi olmadığı deyilən körpənin masaj nəticəsində vəfat etməsi onun hansı səbəbdən öldüyü məsələsini gündəmə gətirib.

Mövzu ilə bağlı Axar.az-a danışan həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, evdə, xəstəxanda, küçədə olmasından asılı olmayaraq vəfat edən şəxsin meyiti təşrih olunmalıdır.

Həkimin sözlərinə görə, bu ölüm hadisəsi müəmmalıdır və dəqiq diaqnoz qoyulmadan rəy vermək mümkün deyil:

“Ölüm qeydə alınandan sonra meyit yarılmalı, diaqnozu qoyulmalı və onun əsasında rəy verilməlidir. Təşrih olunmayan meyitin diaqnozu qoyula bilməz və bu da müxtəlif şayiələrə səbəb olur. Ola bilər ki, uşaqda yan patalogiya olub. Sadəcə, həmin prosedur zamanı üst-üstə düşüb. Ola bilsin flotasiya edən, üzən dərin venalarda tromb olsun. Bu da tromboembaliya yaradıb. Birmənalı nəsə demək çətindir”.

Ölkədə buna bənzər çoxlu müəmmalı ölümlərin mövcudluğuna diqqət çəkən həkim həqiqətin ortaya çıxarılması üçün təşrihə icazə verilmədiyini deyib:

“Bizim insanlar təşrihdən həmişə yayınır, meyitin yarılmasına icazə vermirlər. Buna görə də çoxsaylı ölümlər müəmmalı olaraq qalır. Əslində, belə ölüm hallarında kriminal baş verir. Bunu aşkar etmək üçün təşrih lazımdır. Biləsuvardakı ölüm faktını aydınlaşdırmaq üçün də təşrih olmasa, uşağın ölüm səbəbi bilinməyəcək”.