Emin Əmrullayev Xocalıda məktəb açılışında - Fotolar
Xocalı şəhərində inşa edilmiş 1 nömrəli tam orta məktəb bu gün istifadəyə verilib.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri E. Əmrullayev hər birimizin qan yaddaşı kimi xatırladığımız Xocalıda uzun illər sonra məktəb açılışının sevindirici bir hadisə olduğunu vurğulayıb. Nazir uzun həsrətdən sonra bizə bu sevinci yaşadan şəhidlərimizi anaraq onlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. İşğaldan azad edilmiş ərazilərdə ilk olaraq inşa edilən müəssisələr sırasında məktəblərin olduğunu bildirən nazir bu diqqət və qayğıya görə təhsil işçiləri adından ölkə başçısına təşəkkürünü ifadə edib.
Nazir bu gün balaca görünən Xocalı məktəbinin illər sonra ölkənin ən qabaqcıl məktəblərindən biri olacağına inandığını dilə gətirib. E. Əmrullayev bundan sonra sözügedən məktəbin uğurlarına, xoş sədalarına şahid olacağımızı vurğulayıb.
Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 16 nəfərlik heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 8 nəfəri I sinif, 21 nəfəri isə II-XI sinif üzrə təhsil alacaq. 5 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.