\
6 Noyabr 2024 - Çərşənbə

Tovuzda kütləvi zəhərlənməyə səbəb olan dönərxana BAĞLANDI

Tovuzda kütləvi zəhərlənməyə səbəb olan dönərxana BAĞLANDI
1527baxış

Tovuz rayonunun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb:

"Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.