\
12 Dekabr 2024 - Cümə axşamı

Ülvi Mehdiyev: Azərbaycanın yaşıl inkişaf ölkəsinə çevrilməsi əsas məqsədlərdən biridir

Ülvi Mehdiyev: Azərbaycanın yaşıl inkişaf ölkəsinə çevrilməsi əsas məqsədlərdən biridir
1344baxış

Azərbaycanın yaşıl inkişaf ölkəsinə çevrilməsi əsas məqsədlərdən biridir.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in təşkilatçılığı ilə Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda deyib.

Onun sözlərinə görə, bu gün dünyanın aktual ekoloji problemlərini həll etmək üçün dünyanın hər yerindən müxtəlif millətlər bir araya gəlib:

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədində təmiz ətraf mühitin yaradılması və Azərbaycanın yaşıl inkişaf ölkəsinə çevrilməsi əsas məqsədlərdən biridir. Azərbaycanın davamlı inkişaf istiqamətində səyləri COP29-a sədrlik edəndən sonra sürətlənib. Hökumətimizin “Yaşıl Dünya Naminə Həmrəylik İli” olaraq təyin etdiyi 2024-cü ildə COP29-a ev sahibliyi etmək bu işə sadiqliyimizi vurğulayır".

Dövlət Agentliyinin sədri bildirib ki, müxtəlif xalqların nümayəndələrinin olduğu bu tədbir COP29-un mühüm mərhələ olacağını vəd edir:

"COP28-də əldə edilmiş tərəqqiyə əsaslanaraq builki konfrans emissiyaların azaldılması ilə bağlı konkret, vaxtla bağlı öhdəliklərin irəli sürülməsi və iqlimin maliyyələşdirilməsi və icrasında şəffaflığın artırılması da daxil olmaqla önəmli nəticələr əldə etmək potensialına malikdir".

Ü.Mehdiyev vurğulayıb ki, “ASAN xidmət” xidmətləri bir məkanda toplamaqla vətəndaşların bir neçə quruma baş çəkməsinə ehtiyacı aradan qaldıraraq həm səyahət vaxtını, həm də bununla bağlı karbon emissiyalarını azaldır.

O, sonda Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun COP30-da keçirməkdən məmnun olacaqlarını söyləyib.