Gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidi artırılacaq
Gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidi artırılacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, siyahıda beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya (EVLA) İntraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyaları və kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi və digər sahələrdə ventrikulyar şuntların tətbiqi və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması nəzərdə tutulur.
Agentlik sədri qeyd edib ki, xidmət adlarının təkmilləşdirilməsi yeni zərfdə öz əksini tapacaq. Yəni tibbi xidmətlərin daha dəqiq və izahlı ifadəsi mümkün olacaq:
"Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı detallı məlumatların göstərilməsi qeyd olunacaq. Tariflərin təkmilləşdirilməsinə gəlincə, maya dəyərinə təsir edən tibbi ləvazimatların nəzərə alınması da mümkün olacaq. Belə ki, invaziv radioloji xidmətlərdə xüsusi sərfiyyatların tariflərə əlavə edilməsi də planlaşdırılır. Eləcə də beyin və ürək arteriyalarına implantasiya edilən stentlərin (dərmanlı dərmansız) ayrıca dəyərləndirilməsi də nəzərdə tutulur".