“Səməd Vurğun qədər yaltaq şair olmayıb” dedi - Tənqid olundu
![“Səməd Vurğun qədər yaltaq şair olmayıb” dedi - Tənqid olundu](https://img.mediapress.az/news/2025/02/photo_26693.jpg)
Yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, tarixçi Lent.az-a müsahibəsində bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.
“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.
Yazıçının S.Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.
Şair Ehtiram İlham məsələ ilə bağlı sosial şəbəkədə “Səməd Vurğun onun nəvəsi yaşındadır az qala. Yenə də əl çəkmir ondan. Bütün yazdıqları S. Vurğunun bir şeiri boyda deyil”, aktrisa Əminə Yusifqızı “Nə qədər sərsəm fikirlər...”, Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti adlı yerdə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza isə “Bağırova haqq qazandıran adam Səməd Vurğunu necə sevsin axı. Meyarlarını itirib” şərhlərini bildiriblər.