\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

"Palmali Group"dan gəmilərinin "batma"sı ilə bağlı RƏSMİ AÇIQLAMA - EKSKLÜZİV

"Palmali Group"dan gəmilərinin "batma"sı ilə bağlı RƏSMİ AÇIQLAMA - EKSKLÜZİV
1821baxış

Son günlər mətbuatda azərbaycanlı milyonçu Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətlər qrupunun fəaliyyətindəki axsamalar barədə dezinformasiyalar yayılmaqdadır. Virtualaz.org–nın (mənbə olaraq) məlumatına görə, “Azov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib:

“Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.

“Riroil” tankeri hazırda borc içində batan oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsusdur. 2003-cü ildə Volqoqrad tərsanəsində yığılıb, beynəlxalq gəmiçilik reyestrlərində yer alan məlumatlara görə mülkiyyətçisi Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC şirkətidir. Bu şirkət Mənsimovun Türkiyədəki “Palmali Denizçilik” qrupuna daxildir. Gəmi Malta bayrağı altında üzür. Dənizçilər bildirir ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər “Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar. Agentlik bildirir ki, bundan əvvəl “Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb. Lakin hələlik bu xəbərləri təsdiqləmək mümkün olmayıb.”

Virtualaz.org “Palmali Group”un borc içində üzdüyünü və Rusiyada şirkətin barəsində müflisləşmə proseduru başladıldığı haqda dəfələrlə yazıb.

Məsələ ilə əlaqədar “Palmali Group” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva ilə əlaqə saxladıq. Fidan xanımın Mediapress.-az-a açıqlamasındən bəlli oldu ki, “Palmali” haqda yayılan fikirlər qara piardan başqa bir şey deyil.  

- Bu gün bir sıra KİV-lərdə "Palmali Group"un gəmilərində çalışan işçilərin maaşlarının ödənilməməsi və buna görə ekipajdakıların aclıq aksiyası keçirməsi barədə xəbərlər yayılıb. Bu xəbərlərlə bağlı rəsmi açıqlama ilə çıxış edən şirkət olaraq bəyan edirik ki, bu məsələdə məsuliyyətin bizim  üzərimizə atılması doğru deyil. Belə ki, şirkət öz tərəfindən əmək haqlarını köçürüb. Ancaq bəzi bankların sanksiya altında olması səbəbindən bu problem ortaya çıxıb. Gecikmə də bu səbəbdən olub. Adıçəkilən gəmidə çalışanların maaşları da ödənilib. Bu gün belə bir bəyanatın yaydıranların məqsədi "Palmali Group"un işgüzar nüfuzuna zərbə vurmaqdan ibarətdir. Bizim heç bir Avropa limanında belə bir problemimiz yoxdur. Rusiya limanlarında belə problemlər ortaya çıxır ki, bu problemlər də sırf banklara qoyulan sanksiyalarla bağlıdır.  Ona görə də "Palmali Group"un mövqeyini öyrənmədən bu tipli xəbərləri ictimailəşdirmək KİV haqqında qanuna, habelə jurnalistika qaydalarına ziddir.

Könül AYPARA