\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

"Oba": "Müştəri məmnunluğu bizim üçün önəmlidir" - İstehlakçı şikayətinin izi ilə... - FOTOLAR

"Oba": "Müştəri məmnunluğu bizim üçün önəmlidir" - İstehlakçı şikayətinin izi ilə... - FOTOLAR
1573baxış

Son zamanlar insanlar marketlərdə üzləşdikləri problemlə bağlı "Azad İstehlakçılar İctimai Birliyi"nin sədri Eyyub Hüseynova üz tutmağa və kömək istəməyə məcbur qalıblar. Mediapress.az AİİB-nə istinadən xəbər verir ki, onlardan biri də alıcı Mirzəyeva Dilşadxanımdır. Bu xanım "OBA" marketindən şikayətçidir. Şikayəti olduğu kimi oxuculara təqdim edirik: 

""“Azad İstehlakçılar “ İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova Bakı şəhəri , Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi sakini Mirzəyevə Dilşadxanım Ənvər qızı tərəfindən

Ərizə
17.07.2018 tarixində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanında yerləşən “OBA” marketindən bir neçə ərzaq malı, o çümlədən 3.59 AZN ödəyərək Rusiyanın Omsk vilayətində istehsal olunmuş 600 qramlıq Qauda markalı pendir və qiyməti 5.59 AZN olan “Uzun ömür süd məhsulları” MMC-nin istehsalı olan 0.5 kq olan “Nur” markalı nehrə yağı aldım. Evə gətirib soyuducuya yerləşdirdim. İstehlak üçün 3 gün sonra istifadə etdikdə həmişə istifadə etdiyim Qauda pendirlərindən fərqli olaraq aldığım pendirdə ciddi acılıq və sanki bükülmə materialından keçmiş xoşagəlməz iy hiss etdim. Diqqətlə baxdıqda pendirin üzərində Azərbaycan dilində məlumat olmadığını, saxlanma müddətinin rus dilində 180 gün yazıldığı olsa da buraxılma tarixinin yapışqanlı kağızla yazılıb yapışdırldığını gördüm. Güman edirəm ki, buraxılma tarixi sonradan yapışdırlmışdır. 0.5 kq-lıq nehrə yağı isə yoxladıqda dəmir dadı verdiyini, nehrə yağına bənzəmədiyini, qabın üzərində 90 gün yararlıq tarixi göstərilsə də, yağın keyfiyyətsiz olduğunu gördüm. Malları soyuducuda saxladım. 23.07.2018-ci il tarixində qeyd olunan malları dükana apardım, satıcıdan malların yoxlanmasını və geri qaytarılmasını xahiş etdim. Qeyd edirəm ki, mallara dadına baxmaq üçün cuzi toxunulmuşdu. Satıcı mala baxmadan “toxunubsan" deyib pulumu qaytarmaqdan imtina etdi. Mən onu başa salmaq istədim ki, malı açmasaydım onun keyfiyyətsiz olduğunu necə bilərdim? Lakin satıcı buna əhəmiyyət vermədi.
Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, qeyd olunan mal partiyalarını exspertizadan keçirilməsinə dair iş aparasınız, ödədiyim 9.18 AZN geri qaytarılsın, bu mallar və bu malları satan ticarət şəbəkəsi barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz.
İmza Mirzəyevə Dilşadxanım
Tarix : 26.07.2018"

Məlumatı araşdırmaq məqsədilə "Veysəloğlu" holdinqin tərkibində fəaliyyət göstərən "Oba" marketlər şəbəkəsinin məsul şəxsi ilə əlaqə saxladıq. İctimai əlaqələr şöbəsinin meneceri Elvin Babayev faktla bağlı açıqlama verdi:

"Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlə bağlı dərhal aidiyyatı şöbələrə məlumat verilərək araşdırılma aparıldı. Müştəri ilə əlaqə saxlanıldı və məhsulun geri qaytarılması üçün mağazaya dəvət olundu. Xanımın qeyd etdiyi kimi. məhsulun keyfiyyətində hər hansı bir dəyişiklik olub-olmadığını yoxlamaq üçün məhsuldan nümunə götürüləcək və labaratoriyaya göndəriləcək. «Жинкина крынка» məhsulu Rusiyanın «Ястро» şirkətinin məhsuludur və ölkəmizə OBA marketlər şəbəkəsi tərəfindən idxal olunur. Qeyd edək ki, bu məhsul dünyanın ən böyük marketlər şəbəkəsində də satışdadır. Məhsulun müvafiq uyğunluq sertifikatları var və biz məhsulun saxlanma şəraitinə tam olaraq riayət edirik. Qauda pendirin növlərindən biridir və bərk olur. Yəqin ki, müştəri pendirin bu növü barədə məlumatsızdır. Qeyd edək ki, məhsulun istehsal tarixi və yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub və məhsul 180 gün saxlanıla bilər. Müştərinin nehrə yağı barədə şikayəti də istehsalçı şirkətə bildirildi. Qeyd edək ki, bu yağlar “Uzun Ömür İvanovka” MMC-nin məhsuludur. Bu məhsulun da müvafiq uyğunluq sertifikatları vardır. Müştəri məmnunluğu bizim üçün önəmlidir. Biz məhsullarımızın keyfiyyətinə xüsusi həssaslıqla yanaşırıq. İstehsalçıdan gələn məhsullar öncə labarator yoxlanışlardan keçir. Keyfiyyətə Nəzarət Departamenti yalnız keyfiyyətli məhsulların satışa çıxarılmasına icazə verir. Müştərilərimiz mağazalarımızda hər hansı bir xoşagəlməz halla rastlaşarsa, qaynar xəttlərimizə (012924) zəng edə bilərlər. Bundan başqa, OBA marketlər şəbəkəsinin bütün filiallarında aidiyyatı üzrə rəhbər şəxslərin nömrələri kassalarda qeyd olunmuşdur. Şikayət və təkliflərinizi həmin nömrələrə də zəng edərək bildirə bilərsiniz".

Müəllifdən: Doğrusu, problemin bu qədər operativ həll olunacağını düşünmürdük. Tanınmış ticarət markasının problemə həssaslıqla yanaşması onu deməyə əsas verdi ki, ərzaq məhsullarını etibar etdiyiniz ticarət mağazalarından alın. Bu halda istehlakçı hüquqlarınız pozulmayacaq. 
 
Hazırladı: Könül Aypara