\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Seymur Nəsirov Misirdəki nüfuzlu telekanalın qonağı olub - Verilişdə Azərbaycana həsr edilən videoçarx da nümayiş olunub - VİDEO

Seymur Nəsirov Misirdəki nüfuzlu telekanalın qonağı olub - Verilişdə Azərbaycana həsr edilən videoçarx da nümayiş olunub - VİDEO
1961baxış

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının"Mənim  gecəm" proqramının qonağı olub.

S. Nəsirov Ulu Öndərin Azərbaycançılıq siyasətindən və bütün dünya Azərbaycanlıların həmrəy olunması üçün apardığı nümünəvi siyasətindən söhbət açmışdır. O, hər il 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd etdiklərini də nəzərə çatdırmışdır. Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Misirdə Azərbaycan diasporunun fəaliyyətlərindən söhbət açaraq bildirib ki, Misirdə Azərbaycan diasporu uzun illərdir ki, Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atmışdır. O, eyni zamanda Misir xalqına uzun illərdən bəri könüllü şəkildə sosial xidmətlər etdiyini də qeyd etmişdir.

Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Koroğlu dastanında keçən Misri qılıncdan və Azərbaycanda çoxlu sayda ərəb mənşəli kəndlərin olması hətta Misir adında azərbaycanlıların olmasından da bəhs etmişdir və bu məlumat qarşı tərəfin marağına səbəb olmuşdur. Bu gün Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Birliyin sədri, Azərbaycanın tarixən böyük bir ərazini əhatə etdiyini vurğulayaraq, əfsuslar olsun ki, hal-hazırda bu torpaqlardan sadəcə 86,6 min m2 müstəqil Azərbaycan dövlətinin ərazisi sayılır və bütün dünya dövlətləri tərəfindən də qəbul olunmuşdur. Qonşu ölkələrin işğalı  səbəbindən dünyada yaşayan 50 milyon azərbaycanlının sadəcə 10 milyonu müstəqil Azərbaycan dövlətinin rəsmi vətəndaşıdır.

Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib.

S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirmişdir.

Qeyd edək ki, hal-hazırda Qahirədəki diaspora mərkəzimizdə dünyanın 17 ölkəsindən olan 150 dən çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər ödənişsiz tədris olunur.

Tədqiqatçı - alim Seymur Nəsirov bu fəaliyyətlərə 15 il öncə başladığını və bundan sonra da davam etdirəcəyinə çalışacağını qeyd edib. S.Nəsirov bu kimi fəaliyyətlər xalqlarımız arasında dostluq əlaqələrin daha da inkişaf etdirəcəyini bildirib. Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Veriliş 45 dəqiqədən çox davam edib.

Mediapress.az