\
14 Oktyabr 2024 - Bazar ertəsi

Aşura əslində necə olmalıdır..

Aşura əslində necə olmalıdır..
1168baxış

Aşura günü nə baş verib və o nə cür qeyd edilməlidir

Bu il Aşura mərasimi sentyabrın 20-də qeyd olunacaq. Artıq məhərrəmlik mərasimləri başlayıb, Bakının məscid və hüseyniyyələrində (mərasim evləri - K.R.) məclislər keçirilir. Hökumət orqanları və dini idarələr isə Aşura qabağı ölkə əhalisinə müraciət edərək mərasimlərin keçirilməsi ilə bağlı bəzi tövsiyələr verib.

Qeyd edək ki, Azərbaycanda Aşura mərasimlərinin qədim tarixi var. Bakıda 8-ci İmam Rzanın (ə) bacısı Həzrət Həkimənin, Gəncədə 5-ci İmam Məhəmməd Baqirin (ə) oğlu İmamzadə İbrahim, Bərdədə 5-ci imamın nəvəsi İmamzadə İsmayılın qəbirlərinin olması faktı göstərir ki, bu coğrafiyada şiəlik, Məhərrəm mərasimlərinin qədim tarixi var. Hətta sovet dövründə belə mərkəzi hakimiyyət yerli əhalinin Aşura mərasimlərinin qeyd olunmasına göz yumub, mane olmayıb. 1920-ci illərin sonlarında ilk dəfə SSRİ rəhbərliyi dini qadağalar tətbiq edəndə azərbaycanlılar Aşura qadağasına etiraz ediblər. Bundan sonra bolşevik hakimiyyəti açıq şəkildə olmasa da, Aşura məclislərinə göz yumub.

SSRİ-dən sonra isə müstəqil Azərbaycanda bütün dinlər və cərəyanlar azad şəkildə fəaliyyət göstərməyə başlayıb. Lakin son 10 ildə hakimiyyət orqanları Aşura mərasimləri ilə bağlı bir sıra qadağalar və qaydalar tətbiq etməyə başladı. 2015-ci ilin dekabrında Milli Məclis  “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edib. Bu qanun Məhərrəmlik dövründə dini simvolları, maşın üzərindəki dini yazılar qadağan olundu, daha sonra isə Aşura günlərində keçirilən yürüşlər, məscidlərdən kənardakı məclislər qadağan olundu. Hakimiyyət orqanları bunu təhlükəsizlik tədbirləri ilə izah etdilər.

Bu il də Məhərrəm ayı öncəsi həm dövlət strukturları, həm də dini idarələr, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əhaliyə Aşura və Məhərrəmlik mərasimləri ilə bağlı müraciət edərək mümkün təxribat ehtimalı ilə əlaqədar olaraq xəbərdarlıq edib. QMİ-nin Məhərrəm ayı fətvasında Aşura qaydaları sadalanıb. Bəs Aşura mərasimi necə keçirilməlidir? Necə etmək olar ki, həm illərdən bəri qeyd olunan Məhərrəmlik mərasimləri keçirilsin, həm də mövcud qanunlar, eləcə də zamanın ortaya çıxardığı məhdudiyyətlər, təhlükəsizlik məsələləri nəzərə alınsın?

Tarixin Aşurası

Həzrət Məhəmmədin (s.ə.s) nəvəsi, İmam Əli (ə) və həzrət Fatimənin (ə.s) oğlu 3-cü İmam Hüseyn hicrətin 61-ci (miladi təqvimlə 680-ci il - K.R.) ilində xəlifə Yezid ibn Müaviyəyə beyət etmədiyi (hakimiyyətini tanımadığı) üçün İraqın Kərbəla çölündə 72 tərəfdarı (o cümlədən iki oğlu və qardaşı) ilə birlikdə işgəncə ilə qətlə yetirilib, ailə üzvləri - həyat yoldaşı, bacısı, qızları girov götürülərək şəhidlərin nizəyə taxılmış kəsik başları ilə birlikdə Kufəyə, daha sonra Dəməşqə xəlifə Yezidə aparılıb. Bu hadisə həmin gündən bu yana İslam dünyasında böyük bir matəm, hüzn, faciə kimi qeyd olunmağa başlayıb. İlk olaraq həmin vaxt sağ olan səhabə Cabir ibn Abdullah Ənsari İmam Hüseynin (ə) ailə üzvləri matəm mərasimi qeyd edib.

Sonradan hətta ən qatı Əməvi sülaləsinin hakimiyyəti illərində belə müsəlmanlar Şərqin müxtəlif ölkələrindən Kərbəlaya axışaraq İmam Hüseynə (ə) yas keçirib. Eyni zamanda tədricən sonrakı illərdə bu mərasimlər Afrikada - Misirdə Fatimilər dövlətindən Xorasana, hətta sonrakı illərdə Hindistana qədər müxtəlif coğrafiyalarda qeyd olunmağa başlayıb.

İmam Hüseynin (ə) şəhid olduğu Kərbəla olayları həm də bir mənəvi məktəb kimi qəbul olunub. Haqsızlığa qarşı etiraz, dik dayanmaq, öldürüləcəyini bildiyin halda haqqı demək ənənəsinin bariz nümunəsini Aşurada Həzrət Hüseyn göstərdi. Çünki İmam Hüseyn (ə) “Hər kim Allahın haram buyurduğunu halal edən, onun əhdini sındıran, insanlar arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakim görüb söz və ya əməllə ona qarşı çıxmasa, Allah onu da zalım hakimi düçar etdiyi əzaba düçar edər” - deyirdi. Bu şüarla da şəhid oldu.

Aşura günü İmam Hüseyn (ə) özü canı da daxil olmaqla həyatda ona əziz olan hər şeyini Allah yolunda qurban verdi. Və bacısı, Kərbəla qəhrəmanı həzrət Zeynəb Hüseynin (ə) cəsədinə işarə edərək “İlahi qurbanlarımızı qəbul elə” dedi. Aşura bu mənada eşq və fədakarlıq hadisəsi idi.

Təbii ki, zamanla bütün digər hadisələrlə bağlı olduğu kimi Aşura ilə bağlı təhriflər, mövzudan yayınmalar və bütün bu cür hadisələrdə olduğu kimi ifratçılıq meylləri üzə çıxıb. Aşura mərasimlərində baş yarma, özünə xəsarət yetirmə kimi hallar müşahidə olunub.

Ancaq hazırda müsəlman alimlərinin əksəriyyəti bu ənənələri ifratçılıq bilir və bunu qadağan edilər. Bu səbəbdən də nadir istisnalar xaric Azərbaycanda kimsə başını yarmır, zəncir vurmur. Bir-iki məsciddə zəncir vuran bir dəstə adamı çıxmaq şərti ilə Aşura mərasimləri qeyd olunan bütün yerlərdə insanlar yüz illərdir yaşadılan adətə uyğun olaraq əza məclislərini keçirdilər.

Aşura müsəlmanların Məhəmməd Peyğəmbərə və onun qızı Fatiməyə, imamlara olan ehtiramının ifadəsi mərasimdir. Məhərrəm və Səfər aylarında toy etməyən, Aşura günü paltar yumayan insanlar bunu dini hökm və ya şəriət göstərişi deyil, zalım insanlar tərəfindən əzabla öldürülən Peyğəmbər (s.ə.s) övladına saxladıqları matəm, yəni həm də Peyğəmbərə, Fatimə Zəhraya, İmam Əliyə ehtiram kimi qeyd ediblər.

Bu gün Azərbaycanda əsasən məscidlərə toplaşan müsəlmanlar hicrətin 61-ci ilində Kərbəlada yaşananları yad edir, dini söhbətlər, mərsiyələr oxunur. Bir mənada matəm yaşadılır. Ancaq Aşura yalnız 1400 il əvvəl baş verənlərin yad edilməsi deyil, həm də bu gün Aşura mahiyyətində olan hadisələrin yad edilməsidir. Çünki İmam Hüseynin Kərbəlada yaşadığı hadisələr sıradan bir qədim dünya qətliamı, faciəsi deyildi. İmam Hüseyn (ə) ilahi missiyası olan, Peyğəmbər (s.ə.s) övladı idi. Bu səbəbdən də ilk dəfə İslam tarixində hakimiyyəti atasından irs alan xəlifə Yezid ən nüfuzlu müsəlman kimi İmam Hüseynin də onun hakimiyyətini tanımasını tələb edir. Yox cavabı aldıqda isə valilərinə Onu cəzalandırmağı əmr edir. Nəticədə Aşura hadisəsi baş verir. Ancaq İmam Hüseyn (ə) bir hakimiyyət iddialısı deyildi, əgər elə olsaydı, üsyana silahlı tərəfdarları ilə qalxar, ailəsini uzaq çöllərə aparmaz və ən azı siyasi manevr edərdi. Çünki son ana qədər ondan tələb olunan Yezidin hakimiyyətini tanımaq idi. İmam Hüseyn (ə) insanlığa əqidə və həqiqət uğurunda fədakarlığın ən acı nümunəsini bəxş edərək şəhid oldu. Bu mənada Aşura hadisəsi yalnız ağlamaq, passiv kədər deyil, həm də xatırlamaq, idealları yaşatmaq fəlsəfəsidir.

Aşura günü Kərbəlada ətrafı mühasirəyə alan orduya müraciət edən İmam Hüseyn: “Mənim məqsədim cəddim Peyğəmbər (s.ə.s) ümmətini islah etməkdir” demişdi. İslah ərəbcədən nizam, qayda yaratmaq mənasındadır. (musavat)

Mediapress.az