\
14 Oktyabr 2024 - Bazar ertəsi

Təhsilimiz təhlükə altındadır! - Valideynlər, diqqətli olun! Ali təhsili olmayan bir şəxs ibtidai siniflər üçün kitab nəşr etdirib - FOTOLAR

Təhsilimiz təhlükə altındadır! - Valideynlər, diqqətli olun! Ali təhsili olmayan bir şəxs ibtidai siniflər üçün kitab nəşr etdirib - FOTOLAR
11456baxış

“İmpuls LTD” nəşriyyatının sifarişi ilə 2017-ci ildən etibarən nəşr olunan “Riyaziyyatdan 3000 misal 1-ci siniflər üçün 20 dairəsində hesablama” adlı kitabın müəllif hüququ vətəndaş İbrahimov Bayram tərəfindən kobud şəkildə pozulub. O, çoxillik pedaqoji təcrübəsi olan Hüseynova Solmaz və İsmayılova Səbinənin müəllifləri olduğu kitabı öz adına nəşr etdirərək satışını təşkil etməyə başlayıb. Bu zaman kitabın üz qabığındakı və hər səhifənin sonundakı yazıları, eləcə də kitabın ilk 10 səhifəsini olduğu kimi köçürüb. Hətta təqdim olunan riyazi misalların ardıcıllığı da olduğu kimi saxlanılıb. Dəyişən yalnız kitabın rəngi, səhifələrin sayı və müəllifin adı olub.

Mövcud problemlə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətdə “İmpuls LTD” nəşriyyatının rəhbəri Oqtay Hüseynov mövcud faktla bağlı məhkəməyə müraciət edəcəklərini bildirərək deyib: “Heç bir ali təhsili olmayan bir şəxs 1-ci siniflər üçün riyaziyyatdan kitab nəşr etdirərək cəmiyyətə öz adı ilə təqdim edir. Bu zaman ibtidai sinif pedaqogikası kimi həssas bir sahəyə müraciət edib. Daha doğrusu, bu sahənin mütəxəssislərinin əməyini mənimsəyərək, onların qələmə aldığı kitabı öz adına yenidən nəşr edib. Bu, həm mənəvi, həm də hüquqi qanunlara ziddir. Biz hər hansı bir kitabı nəşrə hazırlayarkən təhsil nazirliyinin təsdiq etdiyi tədris proqramına əsaslanırıq və öz işinin peşəkarları olan mütəxəssislərə müraciət edirik. Çünki ibtidai siniflərin təhsili çox incə məsələdir və xüsusi metodikaya əsaslanmalıdır. Biz təhsilin ilk pillələrindən etibarən şagirdlərdə elmə maraq yaratmağa çalışırıq. Heç bir ali təhsili olmayan İ.Bayramov isə şagirdlər üçün nəşr olunan hər hansı bir kitabın ilk növbədə elmi araşdırmalara və təhsil nazirliyinin təsdiq etdiyi proqrama əsaslanmalı olduğundan xəbərsizdir. İ.Bayramov onu da bilmir ki, başqasının əməyini mənimsəmək oğurluqdur. Oğurluq isə cinayət deməkdir. Buna baxmayaraq, İ.Bayramovun nəşr etdiyi kitabın son səhifəsində “müəllif hüquqları qorunur” cümləsi yazılıb. Bizim nəşr etdiyimiz orijinal kitab əhatəlidir və tədris proqramında qarşıya qoyulan məqsədləri tam şəkildə əks etdirir. Onun nəşr etdirdiyi plagiat kitabda isə yalnız kommersiya maraqları güdülüb. Belə ki, pərakəndə satış qiyməti 2 manat, topdan satış qiyməti 80 qəpik olan 40 səhifəlik kitabın səhifələri İ.Bayramovun nəşrində 32-yə salınaraq topdan satış qiyməti 70 qəpiyə düşürülüb. İ.Bayramov bu yolla istehlakçıların maraqlarını düşünmədən yalnız satıcılarda maddi maraq yaratmağa çalışır. Bir neçə satış məntəqəsində apardığımız araşdırmaların nəticələri onu deməyə əsas verir ki, bəzi satıcılar İ.Bayramovun plagiat kitabını orijinal kitabın ən yeni nəşri kimi təqdim etməyə başlayıblar. Bütün bu qanuna zidd hərəkətlər yolverilməzdir və tərəfimizdən qarşısı alınacaq.

P.S. Faktla bağlı qarşı tərəfin - İbrahim Bayramovun fikrini öyrənmək üçün onunla telefon vasitəsi ilə əlaqə yaratdıq. O, “Riyaziyyatdan 3000 misal 1-ci siniflər üçün 20 dairəsində hesablama” adlı kitabın müəllifi olduğunu desə də, müxbirimizin digər suallarını cavabsız qoyaraq rabitəni kəsdi. Ciddi cəhdlərimizə baxmayaraq, onunla yenidən əlaqə yarada bilmədik. Telefonu söndürülmüşdü. Odur ki, biz cavabsız qalan suallarımızı Təhsil nazirliyinə ünvanlayırıq: “Elmi savadı, təcrübəsi, hətta ali təhsili belə olmayan bir şəxs ibtidai sinif şagirdləri üçün kitab yaza bilərmi və ya mütəxəssislərin qələmə aldığı kitabı öz adından nəşr etdirib geniş ictimaiyyətə təqdim edə bilərmi?!”

P.P.S. “Təhsil millətin gələcəyidir” deyib Ulu Öndərimiz. Millətin işıqlı gələcəyini təmin etmək üçün təhsili yalnız öz işinin peşəkarlarına, bu sahənin mütəxəssislərinə etibar etmək lazımdır.

Natiq Qocaman

Qeyd: Foto-qalereyada narıncı rəngdə verilmiş şəkillər orijinal, mavi rəngdə verilmiş şəkillər plagiat kitaba aiddir.