\
14 Oktyabr 2024 - Bazar ertəsi

Restoran sahiblərinə sərt xəbərdarlıq

Restoran sahiblərinə sərt xəbərdarlıq
1416baxış

ETSN tədbirləri daha da gücləndirir; əhali bu işdə müvafiq qurumlara yardım edir

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  bir sıra əhali, ölkə üçün vacib məsələlərə toxunub. Ölkə başçısı bildirib ki,  havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib:

 “Axşam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”.

Restoranların havanı tüstü ilə zəhərləmələri barədə mətbuatda da xeyli sayda yazılar dərc olunub. “Yeni Müsavat” qəzeti olaraq bu barədə restoranların ətrafında yaşayan əhalinin fikirlərini aldğımız zaman onlar durumun xeyli dərəcədə acınacaqlı olduğunu bildiriblər. Sakinlər söyləyirlər ki, restoranlar yay aylarında açıq havada məclis qurub, gecə saatlarına qədər səsgücləndiricilər vasitəsilə onları narahat etmələri ilə yanaşı, havanı da zəhərləyirlər. Onların sözlərinə görə, bununla bağlı müvafiq qurumlara dəfələrlə şikayət etmələrinə baxmayaraq, bəzi restoranlar öz fəaliyyətlərinə davam edirlər.

Məlumat üçün onu da qeyd edək ki, hələ bu ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirdi ki,  restoran sahiblərinə tüstünün qarşısını almaq üçün müvafiq qurğuların quraşdırılması ilə bağlı məktub göndərilib. Həmin zaman qeyd olundu ki,  qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2 maddəsinin müvafiq tələblərinə uyğun olaraq tədbirlər görüləcək. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi, aparatlardan istifadə edilməməsinə görə fiziki şəxslərin 600 manatdan 25 min manata qədər, hüquqi şəxslərin isə 20-25 min manat cərimələnməsi nəzərdə tutulub.

Öyrəndik ki, restoran sahiblərinin bir qismi bu qaydalara əməl ediblər. Bəziləri isə hələ də məhəl qoymadan, öz işlərini davam etdirirlər.

Məsələ ilə bağlı  ETSN-dən “Yeni Müsavat”a bildirilib ki, bu istiqamət üzrə apardıqları işlərin nəticəsində xeyli sayda restoranda müvafiq cihaz quraşdırılıb. Qeyd edilib ki, məsələ ilə bağlı oktyabrın 11-də geniş mətbuat konfransı keçirilərək, ictimaiyyətə məlumat veriləcək. Nazirlikdən deyiblər ki, bu işdə əhali də onlara yaxından kömək edir və görülən tədbirlər də məhz insanların şikayətinə əsaslanır.

Həmçinin öyrəndik ki, hələ avqust ayında nazirlik rəsmiləri Bakının bir sıra rayonlarının icra hakimiyyətlərində restoran sahibləri ilə görüşlər də keçirib. Restoran və şadlıq evlərinin sahiblərinə bildirilib ki, atmosfer havasına atılan zərərli qazların, tüstünün və qoxunun qarşısını almaq üçün restoranların tüstü bacalarında müasir standartlara cavab verən xüsusi filtrlər quraşdırsınlar. Əks halda, restoran və şadlıq evlərinin sahibləri barəsində cərimə tədbirləri görüləcək. Bundan sonra isə daha sərt addımlar atılmaqla həmin ictimai-iaşə müəssisələrinin fəaliyyətlərinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciətlər ediləcək. Həmin zaman qeyd olunub ki, qarşıdakı günlərdə görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara əməl etməyən, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə sərt tədbirlərin görülməsinə başlanılacaq.

Restoranların tüstüsü ile ilgili görsel sonucu

Xüsusi olaraq vurğulanıb ki, burada məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. Görüşün nəticəsi olaraq isə ictimai-iaşə obyektlərinin sahiblərinə təmizləyici qurğuların quraşdırılması üçün daha 15 gün əlavə vaxt verilib. Lakin nazirlik sentyabr ayında məlumat yaydı ki, 88 restoran hələ də müvafiq qurğuları quraşdırmayıb. Xüsusilə də Babək prospektində yerləşən restoranlarda vəziyyət daha da acınacaqlıdır...

Məhərrəmlik ayı ilə əlaqədar hazırda Bakıda demək olar ki, toy şənlikləri keçirilmir. Buna görə də restoranlardan qalxan tüstülər də azalıb.  Babək prospektində yerləşən bir neçə restoranla da əlaqə saxlayıb, onlardan qeyd edilən qurğunu quraşdırıb-quraşdırmadıqlarını öyrənməyə çalışdıq. Əksər restoran sahibləri bildirdilər ki, ətraf mühitə tüstü buraxmırlar və müvafiq tədbirləri görürlər. (musavat)