\
14 Oktyabr 2024 - Bazar ertəsi

Milli Məclisdə siqaret və himn mübahisəsi - deputatlar üz-üzə gəldi

Milli Məclisdə siqaret və himn mübahisəsi - deputatlar üz-üzə gəldi
1535baxış

Deputatlar Ali və Apelyasiya məhkəmələrindəki boş yerlərə namizəd olan yeni hakimləri təsdiqlədilər - siyahı

Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edəndən sonra gündəlik barədə məlumat verdi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki ilk məsələlərdən danışarkən Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə bağlı məlumat verdi. Komitə sədri dedi ki, son illər Azərbaycanda məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə daxil olub. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə əlaqədar onun özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri də genişləndirilib. Ölkəmizdəki sürətli iqtisadi inkişaf mülki və inzibati xarakterli işlərin də artımına gətirib çıxarıb. Məhz bununla bağlı olaraq irəli sürülmüş təkliflər nəzərə alınaraq 2007-ci illə müqayisədə məhkəmə hakimlərinin sayı iki dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb.

Komitə sədri bildirdi ki, prezident İlham Əliyevin korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələri məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb: “Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”. Ə.Hüseynli qeyd etdi ki, hazırda Ali və Apelyasiya məhkəmələrində 30, o cümlədən Ali Məhkəmədə bir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində üç, Apelyasiya məhkəmələrində isə bütövlükdə 26 vakansiya mövcuddur.

Bunun ardınca Ə.Hüseynli yeni namizədlər barədə məlumat verdi. Bildirdi ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilirlər. Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Əkbərov Kamran Hüseyn oğlunun, Hüseyn Aida Əli qızının “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Həmçinin Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu

Gəncə Apelyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apelyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin edilirlər.

Deputat Zahid Oruc bildirdi ki, Azərbaycan məhkəmələri daha çox ağır cəzalarla bağlı qərarlar çıxarırlar, alternativ cəza növləri barədə qərarlar nadir hallarda verilir: “10 növ alternativ cəza var. Ev dustaqlığı, girov, təşkilatın zaminliyi və s. Vətəndaşın həbsxanada qalması dövlətə çox baha başa gəlir. Həbsxanada saxlanma dövlətə 6 min manata başa gəlir”.

Z.Oruc hakimləri gələcək fəaliyyətlərində alternativ cəzalarla bağlı qərarlar verməyə çağırdı. O çıxış edərkən deputat Yevda Abramovun “çox danışırsan” replikası həmkarının etirazına səbəb oldu. Z.Oruc da deputat həmkarına “Başa düşmürəm, burada nə baş verir? Buradakı məsələləri bir saata yekunlaşdıracağıq. Nəyə etiraz edirsiniz? Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”-deyə cavab verdi.

Deputatlar arasındakı polemikaya spiker O.Əsədov reaksiya verdi: “Zahid Oruc, sən öz çıxışını davam elə. Camaata dərs keçmə! Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.

Komitə sədri Siyavuş Novruzov isə məsələni səsə qoymağa çağırdı: “Bu məsələ cənab prezidentin təqdimatı əsasında olub. Kimsə insanları narazı salırsa, Məhkəmə Hüquq Şurası onun cəzasını verir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə Z.Orucun məhkəmələrdə daha ağır cəzalarla bağlı qərarların verilməsi barədə dediklərini təkzib etdi. Bildirdi ki, prezidentin sərəncamından sonra humanist cəzalarla bağlı qərarlar çıxarılır.

Bundan sonra hakimlərin təyinatı ilə bağlı səsvermə oldu və namizədlər təsdiqləndi.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov üçüncü oxunuşda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik barədə məlumat verdi. Dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

O.Əsədov geniş danışan komitə sədrinin çıxışına reaksiya verdi: “Rafael müəllim, bu, üçüncü oxunuşdur. Bura nə Amerikadır, nə də başqa ölkə... Bura Azərbaycandır. Siz təzə qanun yazırsınız?”

R.Hüseynovsa “xahiş edirəm, imkan verin, mən fikirlərimi yekunlaşdırım. Mən qanunu təqdim edirəm” dedi və bundan sonra komitə sədri fikirlərini davam etdirdi.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov R.Hüseynovun teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması təklifinə münasibət bildirdi: “Deyirsiniz ki, teatr tamaşasında və filmlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Əvvəla, Hollivud filmlərinin 95 faizindən siqaretlərin reklamı yığışdırılıb. Onun sözlərinə görə, Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud filmlərdə də üzərinə ”kölgə" salınsın. Bunu adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyəti var?! Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər. Baxaq görək, bəlkə doğrudan da nəsə var...".

R.Hüseynov təkrar çıxış üçün söz istəsə də, spiker “sən çıxış etmişdin və çıxışına cavab verildi”, deyə, ona çıxış imkanı yaratmadı.

“Televiziya və radio yayımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Rafael Hüseynov bildirdi ki, qanun layihəsinə əsasən sənədə “tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir. “İctimai televiziya və radio yayımı haqqında” Qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq.

Komitə sədri üçüncü oxunuşda “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklikləri də şərh etdi. Diqqətə çatdırıb ki, dəyişikliyə görə sənədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır" məzmunlu 11.4-cü maddə əlavə edilir. Hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Daha sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh etdi. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir. Tütün məmulatlarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Deputatlar, ikinci oxunuşda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarını da müzakirə etdilər. Deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürdülər.

Deputat Tahir Kərimli dedi ki, hələ uşaqları kiçik olarkən övladlarına Azərbaycanın himnini əzbərlətdirib. Amma bu gün himnin uzun olması onu razı salmır: “Mənim musiqidən başım çıxmır, hansı ki, uşaqlarımın üçünün də musiqi təhsili var. Amma Azərbaycanın Dövlət Himni çox uzundur və bədbin notlar üzərində qurulub. Üzeyir Hacıbəyli Azərbaycanın sovet himinini də yazıb. Açığını deyim, o himn indikindən daha şaqraqdır. Bütün ölkələrin himni uzağı 2 dəqiqədir, birizmki 4 dəqiqə... Ona görə də təklif edirəm, himnimizin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, ikincisi, bədbin notlar götürülsün”.

Komitə sədri Rafael Hüseynov “gerb” sözünün “herb” kimi yazılmasını təklif etdi: “Müqəddəs rəmzlərin yazılışında dil xətaları olmamalıdır.Əslində sözün orijinalı herbdir, amma biz onu ruscadan götürüb ”gerb" etmişik. Hansı ki, biz haqlı olaraq herablika elmi deyirik, gerablika yox. Ona görə də bu düzəliş mütləq edilməlidir".

Komitə sədri Siyavuş Novruzov isə dedi ki, bu adları dəyişməkdən ötrü Konstitusiyada dəyişiklik etmək lazımdır: “Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz dəyişiklik edib 100 illik tariximizdən niyə imtina etməliyik? Məsələn, bizim bayrağımızın əvəzi yoxdur, hər dəfə baxanda adamın ürəyi dağa dönür. Ona görə də mən dəyişikliklərin əleyhinəyəm. 1993-cü ildə bu məsələ qaldırıldı, amma ümummilli lider buna qarşı çıxdı. Bizim atributlar yerindədir. Ona görə də səsə qoyaq, qəbul edək”. S. Novruzov dedi ki, vaxtilə ulu öndər Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi:  “Bizə qonşu dövlətlərin birində (Gürcüstanda-E.P.) hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi.  Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.

Deputat Fəzail İbrahimli dedi ki, AXC Azərbaycan gerbinin və möhürünün təsdiq olunması haqqında iki dəfə cəhd etdi. 1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süquta yetirildi: “Onu biz etik”. Tarixçi-professor əlavə etdi ki, himnimizdə Azərbaycanın təqdimatı, tarixi var: “Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar”.

Spikersə “yan keçirik, narahat olmayın, görürsünüzmü səsə qoyuruq” deyib layihəni səsverməyə çıxartdı. Yekdilliklə layihə qəbul olundu.

Dəyişikliklər qəbul olundu və iclas öz işini yekunlaşdırdı. (musavat)

Mediapress.az