\
14 Oktyabr 2024 - Bazar ertəsi

Təhsil naziri tələbə yataqxanalarının inşaasından danışdı

Təhsil naziri tələbə yataqxanalarının inşaasından danışdı
1417baxış

Azərbaycanda tələbə-gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub".

Musavat.com xəbər verir ki, bu fikri təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı deyib.

Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib: "Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb. Bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub". 

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.    
Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.
 

Medapress.az