Ermənilər Qazaxıstandan qovula bilər - Milli münaqişəyə səbəb olan cinayət
Yeni il bayramı gecəsi Qazaxıstanın Karaqanda vilayətində baş vermiş qanlı cinayət ölkədə haqlı etirazlara səbəb olub. Facebook sosial şəbəkəsinin qazaxıstanlı istifadəçiləri ermənilərə qarşı sərt ittihamlar səsləndirməkdədirlər. Hətta onların ölkədən kütləvi şəkildə qovulması fikrini irəli sürənlər də az deyil. Buna səbəb bayram gecəsi bir qrup erməninin 23 yaşlı qazax gənci qətlə yetirməsi olub.
Mediapress.az Qazaxıstanın NUR.KZ saytına istinadən xəbər verir ki, gənc Karaqandada restoranların birinin qarşısında sözlü təcavüzə və daha sonra fiziki terrora məruz qalaraq qətlə yetirilib. Hadisəni törətmiş 4 nəfər ölkə üzrə axtarışa verilib və hər birinin fotosu ictimailəşdirilib. Məlum olub ki, qatillərdən Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Sanveloviç, Qururyan Narek və hadisə iştirakçısı olmuş Nadirbekov Kair Hamitoviç axtarışa veriliblər və hər biri barədə qiyabi olaraq həbs-qətimkan tədbiri seçilib. Sakinlərdən canilər barədə 102 telefonuna məlumat verilməsi xahiş olunur.
Mediapress.az həmçinin Ermənistanın News.am saytına istinadən xəbər verir ki, milli zəmində baş vermiş bıçaqlı qətlin rezonansının böyüməməsi üçün Ermənistanın Qazaxıstandakı səfirliyi təcili olaraq bəyanat yayıb. Bəyanatda deyilir: “İnsan tələfatı ilə nəticələnən faciəvi insidentə görə təəssüf hissi keçiririk. Mərhumun qohumlarına və yaxınlarına başsağlığı diləyirik. Qazaxıstan çoxmillətli dövlətdir. Burada ənənəvi olaraq millətlərarası mehriban əlaqələr mövcuddur və etnik milli azlıqlara qarşı tolerantlıq mühiti hökm sürür. Ümidvarıq ki, mətbuat yalnız rəsmi məlumatlardan istifadə edəcək və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş məlumatların tirajlanması ilə məşğul olmayacaq. Bununla da ictimai fikirlə manipulyasiya edilməyəcək və mövcud konfliktə milli çalar verilməyəcək. Biz əminik ki, istintaq bütün halları araşdıraraq, günahkarların qanunla cəzalandırılmalarına nail olacaq”.