\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycanda icbari tibbi sığortaya dair tvininq layihəsi təqdim olunub

Azərbaycanda icbari tibbi sığortaya dair tvininq layihəsi təqdim olunub
1436baxış
Mediapress.az xəbər verir ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dair tvininq layihəsi təqdim olunub Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin(İTSDA), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin media nümayəndələri üçün geniş təqdimatı keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində müşavir-elçi xanım Simona Qatti, layihənin benefisiar tərəfdən təmsilçisi, İTSDA-nin hüquq departamentinin rəhbəri Aysel İbayeva və tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas(Litva) layihə haqqında məlumat veriblər, layihə çərçivəsində görülən işlərdən və əldə olunmuş nəticələrdən danışıblar. Məlumat verilib ki, layihə çərçivəsində Fransa, Litva və Estoniyadan olan beynəlxalq ekspertlər yerli mütəxəssislərlə təcrübə mübadilələri aparıb, habelə İTSDA-nın təşkilati quruluşu və strateji vəzifələri hazırlanıb, sığortalı şəxsin statusunun təyini və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətlərinə aid təkliflər hazırlanıb. Layihə müddətində layihənin üzv dövlətlərdən olan mütəxəssisləri icbari tibbi sığortanın sınaqdan keçirilməsində İTSDA-ya müntəzəm olaraq dəstək göstəriblər, həmçinin 2017-2018-ci illər ərzində İTS üzrə pilot layihənin(Mingəçevir, Yevlax, Ağdaşda icra olunan) qiymətləndirilməsi aparılıb və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb. Eləcə də, Azərbaycanda səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin orta müddətli proqnozu tərtib olunub. İnformasiya texnologiyaları çərçivəsində e-Səhiyyənin texniki quruluşu ilə bağlı nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilib və İT sisteminin strukturu hazırlanıb. Tədbirdə qeyd olunub ki, layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahələrində yerli təlimçilər qrupu təşkil olunub. Təqdimatlardan sonra sual-cavab sessiyasında jurnalistləri maraqlandıran suallar layihə tərəfdaşları tərəfindən ətraflı cavablandırılıb. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin avqust ayından həyata keçirilən tvininq layihəsi cari ilin avqustunda yekunlaşacaqdır. Avropa İttifaqı tərəfindən maliyyələşən layihənin ümumi büdcəsi 1.1 milyon avrodur.
 
Raminə