\
12 Oktyabr 2024 - Şənbə

Tbilisidə Novruz bayramı təntənə ilə qeyd olunub

Tbilisidə Novruz bayramı təntənə ilə qeyd olunub
1280baxış

Gücüstanın paytaxtı Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Tbilisi şəhərinin vitse-meri İlya Eloşvili, Şəhər Şurasının sədri Georgi Tkemaladze, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, gənclər iştirak ediblər.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva Novruz bayramının əsrlərdir Gürcüstanda qeyd olunması ənənəsindən danışıb. Onun sözlərinə görə, yerli azərbaycanlılarla yanaşı, bu bayram şənliklərinə gürcülər də böyük sevinclə qatılırlar.

Muzey direktoru Tbilisi Meriyası və Şəhər Şurasının rəhbərliyinə tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirib.

İ.Eloşvili, öz növbəsində, Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıb: “Tbilisidə Novruz bayramı hər il təntənəli şəkildə qeyd olunur. Azərbaycanlı vətəndaşlarımıza bol sevinc, ruzi-bərəkət, çiçəklənmə və xoşbəxtlik arzu edirəm”.

G.Tkemaladze Novruz bayramı ilə bağlı təşkil olunmuş tədbirdə iştriakından çox məmnun olduğunu söyləyib. O, yerli azərbaycanlıları bayram münasibətilə təbrik edərək firavanlıq və əmin-amanlıq arzu edib.

Tədbir gürcü və azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib.

Daha sonra İ.Eloşvili və G.Tkemaladze yumurta döyüşdürüb, Novruz şirniyyatlarından dadıblar.

Şənlik çərçivəsində muzey binasının qarşısında Tbilisi Meriyasının quraşdırdığı səhnədə Azərbaycanın milli rəqs və mahnılarından ibarət konsert proqramı təqdim olunub.