\
12 Oktyabr 2024 - Şənbə

İsmayıl Şıxlı anıldı - FOTOLAR

İsmayıl Şıxlı anıldı - FOTOLAR
2258baxış

Mediapress.az xəbər verir ki, dünən "Qazax Xeyriyyə" İB-nin təşkilatçılığı ilə Fəxri Xiyabanda Azərbaycan dühalarından olan, xalq yazıçısı İsmayıl Şıxlının məzarı ziyarət olunub.

Ziyarətçilər arasında Qazax Xeyriyyə" İB-nin sədri, professor İlham Pirməmmədov, xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Valeh Nəsibli, tənqidçi alim Rüstəm Kamal, BDU-nun Qazax filialının rektoru Arif Rüstəmov, bir sıra ziyalılar, AGF-nın Vitse-prezidenti Firdovsi Umudov, Akademik, Millət vəkili Nizami Cəfərov, Polis Polkovnik Leytenantı, Respublika Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundov, Akademik Şahin Mustafayev, akademik Bilal Bilalov, Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Vəkilova, Xalq rəssamı Natiq Əliyev, professor Məqsəd Qocamanov, yazıçının ailə üzvləri və ümumilikdə "Qazax Xeyriyyə" İB-nin üzvləri iştirak ediblər

Böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının kəşməkeşli tale yollarında üzləşdiyi olaylar qismət payı kimi də qiymətləndirilə bilər. 1941-ci ildə Qazaxın Kosalar kəndində müəllim kimi fəaliyyətə başlayan İsmayıl Şıxlı az sonra savaşa qatıldı, Qafqazdan Almaniyayadək uzun və ağır bir döyüş yolu keçdi. Gənclik illərinin yaşantılarından qaynaqlanan şeirlər az sonra onun bədii nəsrin çevik janrı olan hekayəyə keçid almasına zəmin yaratdı. Qazax poetik məktəbinə mənsub Kazım ağa Salik, Mustafa ağa Arif kimi görkəmli şairlərin nəslindən olan İsmayıl Şıxlının bədii yaradıcılığa öncə şeirlə başlaması təbii qəbul edilməlidir. “Tənha” və “Yalqız” təxəllüsləri gənc şairin lirik qəhrəmanının könül ağrıları ilə həmahəng idi. 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə nəşr etdirdiyi “Quşlar” rədifli ilk şeirindəki ovqatın böyük sələfi Molla Vəli Vidadinin məşhur “Durnalar” qoşmasındakı yaşantılara “bənzərliyi” aydın duyulur.

İlk şeirlərində həsrət, sevgi yollarında çəkdiyi iztirablar, könül həmdəmini aramaqdan doğan üzüntü, fələyin kəməndinə tuş gəlməsi və nəticədə bəxtiqaralarla birgə qəm evinə qapılması dilə gətirilir. Lakin zaman irəlilədikcə poetik ruhunun saflığı, ilkinlikdən boy verən istedadı İsmayıl Şıxlının xalq mənəviyyatının, milli həyatın mahir bilicisi, müdrik bir qələm sahibi kimi inkişaf edib formalaşmasına zəmin yaratdı.

İsmayıl Şıxlı müharibədən sonra bədii düşüncəsini birbaşa nəsr sahəsinə yönəltdi. Hekayə janrında yazılarını hələ müharibədən əvvəl ərsəyə gətirsə də, bu xüsusda ilk bədii örnəyi hesab olunan “Həkimin nağılı”nı yalnız 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında nəşr etdirə bilmişdir. Ədibin “Kerç sularında” adlı ilk kitabı isə 1950-ci ildə çap olunmuşdur.

Könül AYPARA

Fotolar Səbinə Yusifə aiddir.