\
12 Oktyabr 2024 - Şənbə

Uşaqlarda diareya

Uşaqlarda diareya
2450baxış

Diareya (və ya ishal) - körpələrdə bir gün ərzində üç dəfədən artıq olan sulu nəcis ifrazı kimi tanınır. Bunun əsas əlaməti nəcisin sarı rəngdə olmasıdır. İshal ən çox yeni doğulan və hələ südlə qidalanan uşaqlarda müşahidə olunur. Böyüklərdə bu xəstəlik adi bir narahatlıq hesab olunsa da, uşaqlarda bəzən ölümə belə gətirib çıxarır. 

Körpədə diareya olduğunu necə anlamaq olar?
Yeni doğulmuş körpələr tez-tez nəcis ifraz etdiklərindən bəzi valideynlər bunun mədə pozğunluğu olduğu nəticəsinə gəlirlər. Əgər körpənizdə diareya olduğundan şübhələnirsinizsə aşağıdakı sadalanan əlamətlərin onda olub-olmadığına diqqət edin:
• Uşağın nəcisi çox kəskin iyli, sulu olması ilə fərqlənir. Eyni zamanda zökəm zamanı sıx-sıx görülən burun axıntısına bənzəyir. 
• Uşaqda temperatur və titrətmə olur, çəkisindən itirə bilir. Əgər siz bu cür hallarla rastlaşmısınızsa mütləq pediatıra müraciət edin. 

Diareyanın səbəbləri nələrdir?
Mədə-bağırsaq pozğunluğunun ən geniş yayılmış səbəbləri arasında rotavirus gəlir. Praktik olaraq bütün uşaqlar 5 yaşa qədər olan müddətdə bir dəfə də olsa bu virusa yoluxurlar. Rotavirus həzm yolunu pisləşdirən qastroenteritə (mədə və nazik bağırsaqların selikli qişasının iltihabı) səbəb ola bilər. Xəstəlik zamanı orqanizmə daxil olan qida çox pis həzm edilir. Dünya Səhiyyə Təşkilatının araşdırmasına görə 125 milyon rotavirus diareyasına tutulan xəstələrdən (5 yaş uşaqlar) 600 000-i ölümlə nəticələnib. 

Diareyanın başqa səbəbləri aşağıdakılar ola bilər:
• Antibiotik istifadəsi (30% hallarda rast gəlinir)
• Allergiyalar (Məsələn, uşağa pis təsir edə biləcək süd məhsullarının qəbulu)
• Düzgün hazırlanmamış hazır qarışıq qidalar
• Soyuqdəymə
• Qida zəhərlənmələri
• Qida fermentlərinin yetərsizliyi (ən az rast gəlinən)

Diareyanı necə müalicə etməli?
İshal zamanı bədəndə su itirlməsi olduğu üçün uşağın bol maye qəbul etməsinə çalışmaq ilkin şərtdir. Əgər uşaq həvəslə ana südü və ya hazır qidaları qəbul edirsə bunu məhdudlaşdırmayın. Bədənin su ilə təminatı məqsədilə uşağa tərkibində qlükoza olan meyvə şirələri, sərinlədici içkilər, eyni zamanda qazlı sular verməyə ehtiyac yoxdur. Bütün bunlar diareyanı zəiflətmək əvəzinə gücləndirə bilər və uşağın vəziyyətini daha da pisləşdirər.
Amma uşaqlara asılılıq yaradan dərmanlar verməyin. Çünki preparatların əlavə təsirləri uşağın sağlamlığına çox ciddi zərər vura bilər. Bu cür dərmanlar 12 yaşa qədər olan uşaqlara tövsiyə olunmur. Başqa uşaqlarda olan bağırsaq infeksiyalarının və diareyanın körpəyə keçməsinin qarşısını almaq məqsədilə onun əlaqəsini məhdudlaşdırmaq lazımdır. Çünki ishaldan yenicə qurtulmuş uşaq növbəti 48 saat ərzində yenidən problemlə qarşılaşa bilər. Diareya dayandığından sonra 2 həftə ərzində uşağın hovuzda və ya dənizdə çimməsinə də icazə verməyin. 

Ana südü ilə qidalanan uşaqlar diareyadan daha az əziyyət çəkirlərmi?
Bəli. Ana südünün tərkibində diareyaya səbəb olan mikroorqanizmlərin artmasını əngəlləyən bəzi komponentlər var. 

Uşağa əlavə qida verilməsini dayandırmağa ehtiyac varmı?
Xeyr. Əgər körpəniz tez-tez qusmadan əziyyət çəkmirsə, ona hazır qidalar verməyə davam edə bilərsiniz. İshal zamanı uşağın qidalanma rejimində dəyişiklik etməli olacaqsınız. Əgər ishal 3 gündən az davam edərsə ona ishal vəziyyəti üçün nəzərdə tutulmuş hazır qidalar verin. Uşağın 6 ayı tamam olubsa, ona bir dilim banan, alma püresi, daha böyük uşaqlara isə bir az yumşaq toyuq filesi, həmçinin kraxmal tərkibli məhsullar - kartof püresi, makaron verə bilərsiniz. Belə hallarda uşaqlara inək südü əvəzinə qatıq verməniz məsləhətdir. Çünki qatıqda bağırsaq yığan bir güc var. Uşağın qidasında yağ və şəkərin miqdarını azaldın. Analar onu da bilməlidir ki, narahtlıq zamanı uşağın iştahının itməsində qorxulu heç nə yoxdur. Ən əsas məsələ yuxarıda da qeyd olunduğu kimi bədəndə susuzluğun qarşını almaq üçün bol maye qəbuludur. 

Həkimə nə zaman müraciət etmək lazımdır?
Əgər mədə-bağırsaq pozğunluğu bir neçə saat çəkirsə narahat olmağa dəyməz. Belə hallarda bir qayda olaraq, uşağın vəziyyəti öz-özünə normaya düşür. Amma əgər uşaqda sulu qarın işləmə 2 gündən artıq davam edərsə və aşağıda sadalanan əlamətlər müşahidə edərsəniz həkimə müraciəti təxirə salmayın:
• Dərinin və dodaqların quruluğu
• Daima yuxululuq, süstlük
• Göz yaşsız ağlama
• Əmgəyin çuxura düşməsi
• Əllərin və ayaqların solğunlaşması
• Sidiyin tünd-sarı rəng alması
• Sidik ifrazının azalması

Əgər nisbətən daha az yayılan simptomları da müşahidə edərsəniz mütləq təcili həkimə müraciət edin:
• nəcisdə qan 
• qarında köp
• diareya və qusma bir gün davam edərsə
• qızdırma və əsəbi vəziyyət bir gün davam edərsə 
• uşaq maye qəbulundan imtina edərsə

Uşağın vəziyyətini necə yüngülləşdirməli?
Əgər uşaq qarın ağrısından çox böyük diskomfort yaşayırsa ona daha çox vaxt ayırın və qayğı göstərin. Onu bilin ki, belə vəziyyətlərdə uşağın sizə xüsusi ehtiyacı var. Uşağın paltarının həmişə quru və təmiz olmasına nəzarət edin. Bez dəyişdirən zaman çox səliqəli davranın. Dərisində yaranan diareyanın səbəb olduğu qaşınmanın qarşısını almaq üçün bez dəyişdirən zaman xüsusi qoruyucu kremlərdən istifadə edin. 

Yenidən diareyaya yaxalanmadan necə qurtulmalı?
Gigiyena qaydalarına nəzarət edin! Bu diareyanın yenidən peyda olma riskini azalda bilər. Ayaq yoluna getdikdən və uşağın çirklənmiş bezini dəyişdirdikən sonra əlinizi mütləq sabunla yaxşı-yaxşı yuyun.

Dr.Əfqanə